Ermənistanın sərhəddə gərginlik ARZUSU: “Rusiyanın və ya KTMT-nin bölgəyə yeridilməsinə…” – Elxan Şıxəliyev

“Erməni tərəfi Azərbaycan ordusunu və siyasətçilərini provokasiyaya çəkərək Rusiyanın və ya KTMT-nin bölgəyə yeridilməsinə əsas verəcək model yaratmaq istəyir. Orada sakitlik olduqca buna ehtiyac olmur”.

Bunu Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması, yenidən atəşkəsin pozulmasını şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, sülh sazişi yoxdursa, atəşkəsin pozulmasına hər an hazır olmalıyıq:

“Sərhəd bölgəsi adlandırdığımız ərazilərdə ermənilər tərəfdən baxanda mübahisəli mövqelər var. Mübahisəli mövqelər o anlama gəlir ki, Azərbaycan tərəfi doğru saydığı yerdə olduğunu, erməni tərəfi isə bunun əksinə düşünür. Görünən odur ki, sərhədlərin demarkasiya və delimitasiya prosesinin aparılmasına belə başlanmayıb. Baxmayaraq ki, üçtərəfli – Rusiya, Azərbaycan, Ermənistan – komisiya yaradılıb. Xüsusən onlar qeyd edirlər ki, proses Rusiyanın Baş Qərargahında olan topoqrafik xəritələrə əsasən baş verməlidir. Prosesin gedişatını sahədə müşahidə etmirik. Bu o anlama gəlir ki, sərhədlərin müəyyən olunması, qarşılıqlı tanınması prosesi aparılmırsa, hərbçilər, xüsusən də ermənilərlə üzbəüz döyüş növbətçiliyi aparan hərbçilərlə qarşı ermənilər hər an atəşkəsi poza bilər. Atəşkəsin pozulmasından sığortalanmamışıq.

Xüsusən Kəlbəcər bölgəsində bu hadisələrin baş verməsi onu göstərir ki, erməni tərəfinin həmin istiqamətdə döyüş növbətçiliyi aparan şəxsi heyəti bu fəaliyyəti icra edəcək və onlar bununla bağlı əmr alırlar.

Baş verənlər lokal konfliktdir. Bunu həm də gedən beynəlxalq proseslərlə də bağlaya bilərik. Ermənistan Silahlı Qüvvələri Qazaxıstana göndərilən sülhməramlı qüvvələrin tərkibində olmalarından sonra bir qədər eyfariyaya girib. Çünki düşünə bilərlər ki, Qazaxıstana qoşun göndərə bilərlərsə, gələcəkdə sərhəddə hansısa bir münaqişə yaranarsa, Azərbaycan sərhədinə də KTMT-nin sülhməramlıları gətirilə bilər. Real olaraq erməni tərəfi bildirir ki, sərhədi öz güclərinə qoruya bilmirlər. Sərhəd bölgəsinə təyin olunmuş hərbi hissələrin döyüş qabiliyyəti imkan vermir ki, sərhədi fiziki olaraq bağlasınlar.

Gələcəkdə Azərbaycan tərəfini provokasiyaya cəlb etmək istəyəcəklər ki, adekvat addımları misli ilə ataq, necə ki atırıq. Biz tərəfdən baxanda isə əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətindədir. Hər atəşkəsə də misli ilə cavab verə bilirik”.

Səxavət Məmməd