Ermənistanın “silahlanma yarışı”na SÜRÜKLƏNMƏSİ: “Əgər nəsə etməyə cəhd göstərsələr…”

“Əvvəl Rusiyadan pulsuz silah alırdılar, ancaq indi Moskvanın başı Ukrayna ilə müharibəyə qarışıb”.

Bu fikirləri Ermənistanın müdafiə xərclərini artırması və bunun region üçün yarada biləcəyi mümkün təhlükəni dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədri bildirib ki, Ermənistan nə qədər silahlansa da, bu, Azərbaycana təhlükə yarada bilməz:

“Ermənistan aldığı ağır məğlubiyətdən sonra açıq-aşkar yenə də silahlanma xətti götürür və bununla da revanşist niyyətindən hələ əl çəkmədiyini nümayiş etdirir. Əvvəl Rusiyadan pulsuz silah alırdılar, ancaq indi Moskvanın başı Ukrayna ilə müharibəyə qarışıb.

Ona görə də Ermənistan Hindistandan, Fransadan silah almaq məcburiyyətində qalıb. Məlumata əsasən, Ermənistanın müdafiə xərcləri 1,3 milyard dollara çatıb. Lakin bu göstərici Azərbaycanın müdafiə xərclərindən təqribən 3 dəfə azdır.

Nəzərə almaq lazımdır ki, Türkiyənin müdafiə xərcləri 17 milyard dollardan 40 milyarda qaldırılıb. Yaranmış yeni reallıqda Ermənistan nə silah alırsa-alsın, Azərbaycan üçün ciddi təhlükə törədə bilməz. Əgər nəsə etməyə cəhd göstərsələr, “dəmir yumruq” yenə başlarında olacaq”.

Səxavət Məmməd

COP29