“Silahlar əsasən ABŞ, Fransa və Hindistan tərəfindən İran vasitəsilə çatdırılır”.
Bunu Yenicag.az-a açıqlamasında Naxçıvan ərazisindən erməni təxaribatlarının Qərb silahları ilə edildiyi iddialarına və Azərbaycanın hansı tədbirləri görəcəyinə aydınlıq gətirən hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, son aylar ərzində Ermənistan kifayət qədər intensiv şəkildə silahlanır.
“Silahlar isə əsasən ABŞ, Fransa və Hindistan tərəfindən İran vasitəsilə çatdırılır. Tehran və İrəvan arasında yarım milyard dollarlıq silah müqaviləsinin imzalanmasına dair mətbuatda geniş məlumatlar var. Bu silahların isə artıq bir hissəsi Azərbaycana qarşı atəşkəs pozuntuları zamanı istifadə olunur.
Naxçıvan, Laçın və Kəlbəcər istiqamətində törədilən atəşkəs pozuntuları, eyni zamanda Azərbaycan ordusunun mövqeləri üzərində erməni PUA-larının uçuş cəhdləri Ermənistan ordusunun növbəti genişmiqyaslı təxribat hazırlığından xəbər verir.
Ermənistan daha əvvəl törətdiyi təxribatların nəticələrindən ibrət dərsi çıxarmalıdır. Əks halda, İrəvan başına böyük bəlalar açacaq. Növbəti dəfə Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”, – deyə hərbi ekspert bildirib.
Nəsimi Ələsgərli