Ermənistanın ümid bəslədiyi terror dəstələri: “Azərbaycana qarşı müxtəlif təxribatlar törətmək üçün…”
“Lakin bu addımlar o qədər böyük itkilərə məruz qalan Ermənistan ordusunu bərpa etməyə imkan vermir”.
Bu fikirləri Ermənistanın Azərbaycanla sərhəddə terrorçu dəstələr yerləşdirməsinin səbəblərindən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan ordusu 44 günlük müharibə zamanı böyük itkilərə məruz qaldı:
“Ermənistanın son 3 il ərzində rəsmi olaraq təsdiqlədiyi itki sayına baxsaq, 20 minə yaxın əsgərin sıradan çıxarıldığını görərik. Əlavə olaraq isə daha öncəki rəqəmlərə nəzər salsaq, ümumi itkilərin 10 min nəfərdir. Eyni zamanda, geri çəkilərək təslim olan hərbçilərin sayı da 10 minə yaxındır.
Yəni ümumi 45 minlik ordunun şəxsi heyətinin 20 mini məhv edildiyi, 21 mini isə fərari olduğu üçün Ermənistan çətin vəziyyətə düşüb. Bu səbəbdən, Ermənistan hazırda “Hraparak” kimi qeyri-qanuni silahlı birləşmələrini və terror təşkilatlarını sərhəd təhlükəsizliyinə cəlb etmək məcburiyyətində qalıb.
Bundan başqa, son zamanlar Ermənistanda qadınların və 45 yaşa qədər olan vətəndaşların orduya cəlb edilməsi barədə qərarlar verildiyi müşahidə olunur. Lakin bu addımlar o qədər böyük itkilərə məruz qalan Ermənistan ordusunu bərpa etməyə imkan vermir.
Belə görünür, Ermənistan hazırda “kim olur-olsun, fərqi yoxdur, təki əlində silah sərhəddə dayansın” prinsipi ilə silahlı qruplaşmalardan istifadə etməyə çalışır. Bu isə ilk deyil, əvvəllər də belə hallarla bağlı Ermənistan mətbuatında materiallar dərc olunub. İrəvan hər zaman Suriyadan, Livandan, Gürcüstandan, Rusiyadan terrorçular dəvət edərək onların imkanlarından yararlanmağa çalışıb.
Həmin dəstələrə keçirilən təlimlərdə isə Azərbaycana qarşı terrorçuların yetişdirildiyi hər kəsə məlumdur. Terrorçu birləşmələr Azərbaycana qarşı indi də müxtəlif təxribatlar törətmək üçün sərhəddə yerləşdirilib. Bu hal bizim üçün qəbuledilməzdir. Hər hansı təhlükə ilə qarşı-qarşıya qalsaq, kimliyindən asılı olmayaraq potensial hədəfimizə çevriləcəklər”.
Nəsimi Ələsgərli