“Ermənistanda son olaylardan sonra baş nazir olmağa əsas iddiaçı məxməri inqilabın rəhbəri Nikol Paşinyandır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanda Serj Sarkisyanın devrilməsilə nəticələnən hadisələri şərh edərkən deyib. O, bölgədə qanlı hadisələrin də yaşana biləcəyini vurğulayıb:
“Paşinyanın hazırda baş nazir postunu icra edən Karapetyanla görüşü olacaq. Bu görüşdən nə çıxacağını deyə bilmərəm. Amma məsələ ondadır ki, Ermənistandakı hadisələr təkcə bu ölkənin öz əlində deyil.
Rusiya buradakı proseslərə gec də olsa qoşulmaq qərarına gəlib. Ona görə də baş verən inqilab bundan çox çətin bir marşurutdan keçəcək. Moskva özünün bölgədəki nüfuz dairəsini qorumaq üçün mövcud imkanlarından istifadə etməyə çalışacaq. Rusiya məxməri inqilabın nəticəsinin reallaşmasına imkan verməmək, əvvəlki status-kvonu və bölgədə nəzarəti qoruyub saxlamaq istəyir. Onlar Ermənistana təzyiq göstərib Azərbaycan üzərinə hücuma keçməyə həvəsləndirmək istəyirdilər. Serj Sarkisyan da bu fikirdə idi. Amma alınmadı. İnqilabçılar onlara imkan vermədi. İndi Moskvanın emissarları Bakıya gəlib. Azərbaycana nəyisə təqdim etmək istəyirlər.
Zənnimcə, bu fonda bölgədə xoş olmayan proseslər gedir. Bu prosesin həyata keçməsilə bölgədə qanlı hadisələr yaşana bilər. Azərbaycan məxməri inqilabın baş verdiyi dövrdə Ermənistan tərəfindən atılan təxribat xarakterli addımlara cavab vermədi”.
Politoloq düşünür ki, Kreml Ermənistanda hadisələrin ikinci mərhələsini başlamaq niyyətinə düşüb:
“Bu fonda da Azərbaycanı Dağlıq Qarabağla şirnikləndirmək istəyirlər. Amma bunun da belə tezliklə baş verəcəyinə inanmıram. Hər halda, Rusiya Ermənistandakı prosesləri durdurmaqda, erkən parlament və prezident seçkilərinin keçirilməsinin əngəllənməsində maraqlıdır. Bir sözlə, bölgəyə Qərb təsirinin artmasının qarşısını almaq istəyir. Zənnimcə, bu istiqamətdə Rusiyanın variantları aldadıcı da ola bilər”.
Ekspert bu qənaətdədir ki, Ermənistanda yaranmış durumda Dağlıq Qarabağdakı separatçıların cəbhə bölgəsində müəyyən təxribatlara getməsi gözləniləndir: “Yəni Bako Saakyanın tərəfdarları belə provokasiyalara gedə bilərlər. Hansı ki, onlar Serj Sarkisyanın adamlarıdır. Azərbaycanda bu fonda onlara sözsüz ki, öldürücü cavab verəcək”.
Hüseynli bildirdi ki, artıq “Qarabağ klanı” çöküb:
“Sözsüz ki, son hadisələr fonunda Ermənistanda “Qarabağ klanı” çökdü. Amma bütün hallarda erməni ermənini atmayacaq. Onlara əvvəlki meydan verilməyəcək. Sadəcə olaraq lazım olduqları yerdə durmalarını əmr edəcəklər”.
ELÇİN