“Nəinki 2025, heç 2026-cı ildə də sülh sazişinin imzalanması real görünmür”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Bakıda keçirilən beynəlxalq iqlim konfransı COP29-da iştirak etməməsinin sülh prosesinə təsirindən danışan politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistan birmənalı sülh sazişinin imzalanmasında maraqlı deyil.
“Hətta İrəvan bu prosesin uzanmasını istəyir. Sadəcə, COP29 ərəfəsində guya özünü sülhsevər dövlət kimi göstərmək üçün bir sıra addımlar atdı, sülh sazişinin əsas variantını çox təxribatçı formada ixtisar edərək yeni layihə təqdim etdi və Azərbaycanın imzalamayacağını da bilə-bilə qəsdən bu versiyanı ortalığa tulladı”.
Analitik əmindir ki, hazırda Ermənistanın niyyəti sülh sazişinin imzalanmasından ibarət deyil:
“COP29-dan sonra sülh sazişinin imzalanma perspektivləri daha da uzaqlaşıb. Çünki həm Ermənistan maraqlı deyil, həm də vasitəçi tərəflərdə ciddi problemlər var. Ermənistan Rusiyanın vasitəçiliyini istəmir. Qərb ölkələri, xüsusilə ABŞ isə prezident seçkilərindən sonra uzun müddət bu proseslərdə aktivlik göstərməyəcək. Çünki Tramp hakimiyyəti daha çox ölkənin daxili problemlərinin həllinə fokuslanacaq”.
“Belə şəraitdə Ermənistan sülh sazişinin ikitərəfli formatda imzalanmasını mümkün qədər uzatmağa çalışacaq. Necə? Konstitusiyadakı Azərbaycana qarşı ərazi iddiaları mövcud olan müddəaları dəyişməkdə qətiyyət nümayiş etdirməməklə. Yəni konstitusiyanın dəyişdirilməsinin 2027-ci ilə saxlanması kursuna ermənilər sadiq qalacaqlar. Beləliklə, nəinki 2025, heç 2026-cı ildə də sülh sazişinin imzalanması real görünmür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli