“Erməni tərəfi deyir ki, Laçın dəhlizində gömrük və yoxlamalar ola bilməz. Necə ola bilməz? Azərbaycan tərəfi qərar çıxarsa, yoxlama da olacaq, gömrük rüsumu da”.
Bunu “Azadlıq” radiosunun Ermənistan bürosunda qarşı tərəfin Zəngəzurdan keçəcək yolla bağlı şərtləri, nəzarət və gömrüklə bağlı tələblərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadə bildirib ki, gömrük və sərhəd yoxlamaları ilə bağlı şərtlər ancaq erməni tərəfinə zərər verəcək:
“Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişəni yaradıb, qızışdırıb, idarə edib. Amerikalılar da eyni işlərlə də məşğul idi. ABŞ-nin “Azadlıq” radiosunun Azərbaycan redaksiyasını Mirzə Xəzər aparırdı. Biri də Ermənistan redaksiyası idi. Eyni redaksiyasının Azərbaycan bürosu Mirzə Xəzərin səsi ilə Azərbaycanı müdafiə edirdi. Biz də bundan çox feyziyab olurduq. Ermənistan bürosu isə ermənilərin “haqq işini” müdafiə edirdi. Ermənilər də bundan feyziyab olurdular. Əslində. bu radio münaqişəni qızışdırırdı. Məqsəd o idi ki, ABŞ-nin geosiyasi rəqibi olan SSRİ dağılsın. SSRİ-ni həm KQB, SSRİ Mərkəzi Komitəsi, həm də ABŞ dağıdırdı.
Üstündən uzun illər keçib. İndiki mərhələdə Zəngəzur məsələsi müzakirə olunur. Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan istəyir ki, ora kimin nəzarətində olmasından aslı olmayaraq, yük qatarları Naxçıvana gedəndə yoxlanılmasın. Əgər belə olsa, Azərbaycan da Ermənistan çıxan yük və sərnişin qatarlarını yoxlayacaq. Bundan əlavə, Laçın dəhlizində də bunu tətbiq edəcək. Nəzərə alsaq ki, Ermənistan keçən Zəngəzur, Meğri yolu 42-48 kilometrdir, Azərbaycanın ərazisindən Rusiyaya gedən qatarlar, azı, 450-500 kilometr yol getməlidir. Məsafəyə görə haqq götürsək, erməni tərəfi Azərbaycan tərəfindən 10 dəfə çox rüsum verməli olacaq. Əslində, Azərbaycanın təklifi ermənilərə də çox xeyirdir. Erməni tərəfi özü seçməlidir.
Bunu açıq şəkildə erməni əhalisinə demirlər. İntiqamçı, qisasçı qüvvələr bu məsələni açmadan bildirirlər ki, gömrük haqqı alıb nəzarət etməlidirlər. Azərbaycan tərəfinin təklifi çox şərəfli və ağıllıdır. Bunu ermənilər qəbul edərlər, etməzlər, özləri bilərlər. Paşinyan bunu anlayır. Ancaq bunu cani Serjik və Robertin dəstəsi istəmir”.
Səxavət Məmməd