Ermənistanla bağlı ŞOK DETAL – Qadağan olunmuş məhsulları Rusiyaya satır

 

“Rusiyada artıq anlamağa başlayıblar ki, hər şeyi, xüsusilə də geosiyasi hədəfləri bəzən zor müstəvisində həll etmək mümkün olmur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq Ermənistanla Rusiya arasında əsən “soyuq küləklər”ə rəğmən Moskvanın İrəvanla münasibətlərdə loyal davranmasının pərdəarxası məqamlarını analiz edib. O, söyləyib ki, bu məsələ təbii qarşılanmalıdır, çünki ortada faktlar mövcuddur: “Bu baxımdan, Ermənistanla bütün “körpüləri yandırmaq”, münasibətləri gərginliyə daşımaq və birdəfəlik Ermənistanı itirmək əvəzinə, ən azından, onunla hərbi-siyasi olmasa da, hələlik qarşılıqlı maraqlar çərçivəsində münasibətləri inkişaf etdirmək xətti əsas götürülüb.

Bunu Kremldə Putin-Paşinyan görüşündəki açıqlamalarda da gördük. Çünki indiki vəziyyətdə iqtisadi münasibətlər, xüsusilə də ticarət məsələsi Rusiyanın maraqlarına xidmət edir. Ona görə ki, ağır sanksiyalar fonunda Rusiyanın hərbi sənaye kompleksinə lazım olan bəzi cihazların böyük əksəriyyətini Qərbin sanksiyalarını dəlməklə Ermənistan ikili ixrac vasitəsilə həyata keçirir. Belə olan təqdirdə, bu, Rusiyanın maraqlarını niyə ifadə etməsin? Yaxud Rusiya vəziyyəti gərginləşdirməklə bu prosesdən niyə imtina etsin?” “Çox maraqlıdır ki, Qərb dünyası bir çox dövlətləri, Rusiyanın şirkət və başçılarına bu kontekstdə məhdudiyyətlər tətbiq etmiş olsa da, Ermənistana gəldikdə, bu məsələdə rahatlıqla göz yumurlar.

Rusiya da bu vəziyyətdən yararlanır. Yəni cırtdan Ermənistan ondan 2 dəfə böyük Azərbaycandan fərqli olaraq, Rusiya ilə ticarət əlaqəsini 3-4 dəfə öz xeyrinə inkişaf etdirir. Bu günə qədər Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4,6 milyard ABŞ dolları civarında hesablanıbsa, ilin sonuna qədər perspektivdə 14-16 milyard dollar səviyyəsində Ermənistan-Rusiya ticarət saldosu olacaq. Bunlar onun hesabınadır ki, Ermənistan sanksiyaları dəlməklə lazımi məhsulları daha baha qiymətə Rusiyaya sata bilir”, – deyə o, əlavə edib.

N. Mirinin dediyinə görə, ayrıca, bəzi qadağan olunmuş məhsullar var ki, bunlardan biri də qızıl və almaz məmulatları ilə bağlıdır və bu məsələdə Rusiyaya böyük məhdudiyyətlər qoyulub: “Bu zinət məmulatlarını Rusiyadan alıb Qərbə satan ölkə yenə də Ermənistandır. Ancaq buna göz yumulur. Ona görə də Rusiya hələlik sözügedən iqtisadi imkanları saxlamaqla prosesi tədricən gələcəyə daşımaq istəyir. Moskva anlayır ki, bu gün İrəvan istəsə belə, Rusiyanın orbitindən çıxa bilmək gücünə malik deyil.

Çünki Rusiya və Avrasiya bazarı Ermənistanın üzünə bağlansa, qısa müddətdə bu ölkənin iqtisadiyyatı çökəcək. Belə olan halda, Ermənistan Avropa standartlarına uyğun olmayan məhsullarını hansı bazarda satacaq?” Mütəxəssis diqqətə çatdırıb ki, Rusiya bu problemləri anlayır və ona görə də ikitərəfli münasibətləri gələcəyə daşımaqla “bəlkə də bizə qayıtdılar” prinsipinə üstünlük verir: “Yəni seçkilər vasitəsilə Ermənistanda Rusiyanın dəstəklədiyi yeni hakimiyyət formalaşdığı təqdirdə, onu düşmənə çevirmək istəmir. Yəni hər hansı bir hakimiyyət dəyişikliyi ilə Ermənistan-Rusiya münasibətləri yenidən əvvəlki məcraya daşına bilər. Ən azından, burada Gürcüstan praktikası mövcuddur. Bidzina İvanişvili kimdir? Onun bütün kriminal maliyyəsi Rusiyada qazanılıb və onun nəzarətindədir. Bu model gələcəkdə Ermənistan üçün də keçərli ola bilər. Rusiya bunları hesablamağa başlayıb və ona görə də “körpüləri yandırmaq” niyyətində deyil”.

 Rafi Müslümov

COP29