Ermənistanla KTMT katibliyi arasında münasibətlər gərginləşdi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin səlahiyyətlərinə təşkilata üzv ölkələrin bəyanatlarını şərh etmək daxil deyil”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.

O bildirib ki, KTMT-yə üzv ölkələr katiblikdən öz qərarları ilə bağlı anlayış gözləmirlər: “Katibliyin vəzifələri təşkilatın nizamnaməsində və digər sənədlərdə aydın şəkildə göstərilib”.

V.Unanyan söyləyib ki, katiblik təşkilatın orqanlarının fəaliyyətinə təşkilati, informasiya, analitik və məsləhət dəstəyini həyata keçirən işçi orqandır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi bu il KTMT-nin təlimlərinə ev sahibliyi etməyəcək.