“Azərbaycan tərəfi hətta şərti sərhədin təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmalıdır”.
Bu sözləri Ermənistan-Azərbaycan arasında baş verən son hərbi toqquşmanı şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.
Rövşən Məhərrəmov bildirib ki, Zod istiqamətində təxribat gözlənilən idi:
“Son günlər Zod istiqamətinə erməni tərəfi qüvvələr cəmləşdirirdi. Sözügedən istiqamətə canlı qüvvə, silah-sursat daşıyırdılar. Biz bunu gözləyirdik ki, erməni tərəfi həmin istiqamətdə atəşkəsi pozacaq.
Ermənistan tərəfi zərbə PUA-larından istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə zərbə endirib. 3 hərbçimiz yaralanıb. Ermənistan mətbuatı yazır ki, 2 erməni hərbçisi ölüb, bir neçə yaralı var.
Baş verən təxribatı təsadüfi hesab etmək olmaz. 2 sentyabr qondarma rejimin yarandığı gündür. Onların bunu qeyd etmələrinə imkan vermək olmaz.
Azərbaycan tərəfi daha sərt cavab verməlidir. Azərbaycan hətta şərti sərhədin təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmalıdır”.
Səxavət Məmməd