“Ermənistanla Türkiyənin münasibətlərinin düzəlməsi Azərbaycanın milli maraqlarına…” – ŞƏRH

“Türkiyə bu siyasəti davam etdirməlidir. Hesab edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan birgə Rusiyanı neytrallaşdırmalıdır”.

Bunu Türkiyə ilə Ermənistan arasında normallaşma, karqo uçuşlarının həyata keçirilməsi üçün prosesin başlaması və bunun bölgəyə təsirini şərh edən sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, Türkiyənin bu addımları gələcəkdə Rusiyanı bölgədən sıxışdırıb çıxara bilər:

“Prosesə çox pozitiv baxıram. Bir neçə il əvvəl futbol diplomatiyası deyilən proses başlanan zaman, Rusiyanın Azərbaycanda olan uzantıları, eyni zamanda Türkiyədə olan lobbiləri Qərbin başlatdığı barışıq siyasətini sona qədər həyata keçməyə qoymadılar . Təəssüf edirəm ki, Azərbaycanın bəzi millət vəkilləri də bu prosesdə öz piarları xatirinə “canfəşanlıq” göstərdilər. Az qala Azərbaycanla Türkiyə arasında soyuq küləklər əsdirməyə qalxdılar. O tarixi heç xatırlamayaq…

Hesab edirəm ki, Ermənistanla Türkiyənin münasibətlərinin düzəlməsi birbaşa Azərbaycanın milli maraqlarına uyğundur. Nə Türkiyə, nə Azərbaycan, nə də Ermənistan bu coğrafiyadan gedəndir. İrəli baxmaq lazımdır. Ancaq münasibətlər Qarabağ iqtisadi rayonunun ayrılmaz hissəsi olduğunu bilərək Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti ilə iki ölkənin yaxınlaşmasına, sülh müqaviləsinin imzalanmasına, paralel olaraq “sülhməramlıların”, işğalçı rus ordusunun bu regiondan çıxmasına gətirib çıxarmalıdır.

Başa düşürük ki, Ermənistan Rusiyanın təsiri altındadır. Azərbaycanda da 5-ci kolon nümayəndələri də az deyil. Rusiya imperiya maraqları Qafqazdan çıxmalıdır. Qafqaz xalqları bir-biri ilə ticarət etməlidirlər. Bölgə xalqları sülh şəraitində yaşamalıdırlar. Əsas şərt Azərbaycana vurulmuş ziyanın ödənilməsi, sülh müqaviləsinin imzalanması, ərazi bütövlüyünün tanınması və qonşu ölkələrlə münasinbətlərin normal inkişafıdır”.

Səxavət Məmməd