!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməniyə məxsus “Yandex Taksi” ölkəyə necə buraxılıb? – Şəxsi məlumatlarımız təhlükədə - Ekspertdən SOS siqnalı

!Reklam – Yazi

“Taksi xidməti göstərən şirkət istifadəçilərə məxsus ünvan və əlaqə vasitəsi kimi məlumatlara asanlıqla sahib ola bilər”.

Azərbaycanda sərnişindaşıma sektorunda fəaliyyət göstərən taksi şirkətlərindən biri də “Yandex Taksi” xidmətidir. Təsisçisi və baş direktoru erməni Tiqran Xudaverdiyan olan “Yandex Taksi” xidmətinin əsas ofislərindən biri məhz İrəvanda yerləşir.

Azərbaycanda da fəaliyyət göstərən bu şirkətə məxsus avtomobilin daşıdığı sərnişinlə birlikdə hərəkət trayektoriyasını “Yandex Taksi”nin istənilən ofisindən rahat müşahidə etmək mümkündür. Eyni zamanda, yayılan məlumatlara əsasən, Azərbaycanda “Yandex Taksi” xidmətindən istifadə edən sərnişinlərin şəxsi məlumatlarının toplanması və zəruri hallarda istifadə olunması üçün xüsusi elektron baza da yaradılıb. Bütün bunları nəzərə aldıqda, bir erməniyə məxsus olan və insanlarımızın şəxsi məlumatlarını toplayan şirkətin ölkəmizdə fəaliyyətinə imkan yaradılması ciddi suallar doğurur.

Bu aktual mövzunu Yenicag.az-a dəyərləndirən informasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov bildirib ki, taksi şirkətləri xidmət səviyyəsinin müəyyən edilməsi üçün sərnişinlərin bəzi şəxsi məlumatlarını əldə edir və araşdırır. Ona görə də vətəndaşlarımız taksi xidməti üçün istifadə etdikləri şirkəti seçərkən, maksimum ehtiyatlı davranmalıdırlar:

“Ümumiyyətlə, siyasi amillərin iqtisadiyyata təsiri birmənalıdır. Hətta dünyanın nəhəngi şirkətlər belə bu təsirdən kənarda qalmağı bacarmır.

Konkret olaraq, taksi şirkətlərinin öz sərnişinləri barəsində hansı məlumatlara malik olduğuna və bu amilin hansı təhlükələri doğura biləcəyinə toxunmaq lazımdır.

Təbii ki, taksi xidməti göstərən şirkət istifadəçilərə məxsus ünvan və əlaqə vasitəsi kimi məlumatlara asanlıqla sahib ola bilər. Lakin mobil tətbiqi olan taksi xidmətinin istifadəçiyə məxsus daha çox məlumata çıxış imkanı qazanması mümkündür. İstifadəçilərin ünvan və əlaqə vasitələri ilə yanaşı, bank hesabları, qeyri-qanuni olaraq istifadəçilərin danışıq səsləri, canlı görüntüləri, həmçinin ünvanın izlənilməsi, foto və videogörüntülər kimi cihazda əlçatımlı olan bir çox şəxsi məlumatların əldə olunma təhlükəsi mövcuddur”.

Sayad İbrahimovun sözlərinə görə, taksi istifadəçiləri bu kimi təhlükələri önləmək üçün icazələrlə bağlı təkliflərə razılıq verərkən, diqqətli olmalıdırlar. Əks halda, vətəndaşın şəxsi məlumatlarının sızması müəyyən problemlərin yaşanmasına yol aça bilər:

“İstifadə edilən smartfona hər hansı bir mobil tətbiqi yükləyərkən, bizdən bəzi servislər və sistem tətbiqlərinə əlçatımlılıq üçün icazələr istənilir. Bu icazələrə nəzər salmaq çox vacibdir.

Məsələn, taksi xidməti tətbiqini yükləyərkən, bu tətbiqin bizdən kamera və ya səsyazma kimi servislərə giriş icazəsi istəməsi normal hal deyil. Lakin ünvanın avtomatik təyin edilməsi üçün GPS servisindən istifadə icazəsi istəməsi normaldır.

Bütün bunlardan da əlavə, hər bir mobil tətbiqin istifadəsi üçün “Şərtlər və qaydalar” ( “Terms and Conditions” ) bölümü var. Bu bölümdə yazılanlara nəzər salıb, şərtlər və qaydalarla tanış olduqdan sonra tətbiqi istifadə edib-etməyəcəyinizə qərar verə bilərsiniz. Yəni, bütün bu məlumatlar əldə edildikdə, bu, sizin müvafiq icazəniz əsasında reallaşır. Əks halda, icazəniz olmadan şəxsi məlumatınızın ələ keçirilməsi artıq qanun pozuntusudur.

O baxımdan, bütün istifadəçiləri sayıq olmağa, tətbiqin istifadə olunması üçün mövcud olan “Şərtlər və qaydalar” bölümünə diqqət yetirməyə, eyni zamanda, tətbiqi quraşdırarkən, onlardan tələb edilən icazələri ciddi araşdırmağa çağırıram”.

Gülşən Şərif

www.yenicag.az

4214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv