“Əsas məsələ bu istiqamətə yönəldilən məbləğ yox, həmin vəsaitin nə qədər şəffaf və səmərəli xərclənməsidir”.
Bu fikirləri 2024-cü ilin dövlət büdcəsi layihəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün nəzərdə tutulan vəsaitin yetərliliyinə toxunan iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, 2024-cü ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə ayrılan vəsait heç də az deyil:
“Əslində, gələn il kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün nəzərdə tutulan vəsait bu ilə nisbətən qismən azalsa da, əvvəlki illərlə müqayisədə balans müəyyən qədər gözlənilib.
2022-ci ildə müvafiq istiqamət üzrə 9,2 milyon manat ayrılmışdı. Təbii ki, inflyasiyanın təsirlərini nəzərə aldıqda, xərclərin artması təbiidir. Eyni zamanda, bu istiqamətə ayrılan vəsaitin təxminən yarısının infrastruktur əsaslı olduğu qeyd edilməlidir. İnfrastruktura isə hər il eyni məbləğdə vəsait ayırmaq düzgün deyil.
Buradakı problemlər mərhələli şəkildə həll olunmalıdır. Hazırda müzakirə edilməli əsas məsələ bu istiqamətə yönəldilən məbləğ yox, həmin vəsaitin nə qədər şəffaf və səmərəli xərclənməsidir. Xüsusilə, uzun müddət meliorasiyaya yönəldilən vəsaitin taleyi ilə bağlı ciddi şübhələr olub.
Qeyri-şəffaf idarəetmə səmərəsiz şəkildə sərfiyyatlara yol açıb. Digər sahələrin maliyyələşməsinə gəlincə, kənd təsərrüfatı üzrə müxtəlif tədbirlərin hazırlanması, bu sahədə tədqiqat işlərinin aparılması indiki şərtlər daxilində ağlabatandır. Ərzaq təhlükəsizliyinə yanaşma aspekti isə daha əhəmiyyətlidir.
2024-cü ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə ayrılan vəsait heç də az deyil. Hətta cari ilə baxsaq, 1,2 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulsa da, xərclənməsi gözlənilən vəsait bundan təqribən 20-30 milyon manat azdır. Bu da o deməkdir ki, müvafiq istiqamətdə xərclərin optimallaşdırılması üçün imkanlar var”.
Yusif Səmədzadə