!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsas odur ki, insan özünü aldatmasın... - Eldar Quliyev doğum günündə kövrəldi

!Reklam – Yazi

Çox danışmağı sevmir, amma sözünü çəkdiyi filmlər vasitəsilə deyib. Mən bu filmləri Azərbaycan tamaşaçılarına hədiyyə kimi də qəbul edirəm.

Çox sevdiyimiz “Bir cənub şəhərində” filminin rejissoru, xalq artisti Eldar Quliyevi deyirəm, bu gün onun doğum günüdür. 76 yaşını tamamlayır.

Kinorejissorun Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Necəsiniz, Eldar müəllim, doğum gününüzü hansı əhval-ruhiyyədə qarşılayırsınız?

– Hələ ki, əhvalım yaxşıdır, pis deyiləm.

– Yəqin ki, doğum gününüzü qeyd etmək üçün hazırlıqlar başlanıb?

– Yox, mən xoşlamıram təmtərağı. Evdə qeyd olunacaq. Yəqin ki, qohum-əqrəba, dostlar gələcək. Onları da məxsusi dəvət etmirəm, kim istəyir özü gəlir. Gəlsələr də sağ olsunlar, gəlməsələr də.

– Yaşınız rəqəm olaraq sizi qorxutmur ki?

– Artıq 76 yaşım tamam oldu. Amma 75-ə qədər nə baş verdisə xoşuma gəldi. (gülür)

– Hədiyyələrə münasibətiniz necədir, xoşlayırsınız?

– Artıq zamanında istədiym qədər hədiyyələr almışam. İndi daha mənim üçün hədiyyələri xoş sözlər əvəzləyir. Bax siz səhər-səhər zəng edib, mənə xoş sözlər söyləyirsiniz, eləcə də başqaları. Bundan gözəl nə hədiyyə ola bilər ki… Hesab edirəm ki, Azərbaycan kimi bir ölkədə yaşamağım özü elə bir hədiyyədir mənim üçün. İmkanım çatan qədər filmlər də çəkib sizlərə hədiyyə etmişəm. Bu da Azərbaycana olan sevgimdən yaranan filmlərdir.

– O hədiyyə üçün sizə ürəkdən bir təşəkkür borcumuz var. Maraqlıdır, o filmlərinizə heç fərq qoymusunuzmu? Sözsüz ki, filmlər sizin həm də övladlarınızdır…

– Bəli, filmlər də uşaq kimidir, mənimlə bərabər böyüyürlər. Hansı film ki, daha yaxşıdır, demək ki, ömrü də uzun olacaq. Hansı film ki…(sözünü yarımçıq kəsir)

– Pis demək istədiniz?

– Dilimə o sözü gətirmək istəmədim, amma hansı filmim ki, yaxşı deyil, demək ki, yaşamaq ömrü də az olacaq. Mən xoşbəxt olan və ömürlük yaşayan filmlərimlə bərabər özümü xoşbəxt sayıram. Amma o filmlərin hansını daha az, hansını daha çox istəyirəm, bunu deyə bilməyəcəm. Ona görə ki, öz filmlərimdə özümü aldatmamışam. Necə düşünmüşəmsə, o filmlərdə düşüncələrimi də elə çatdırmışam. Bu, mənim üçün bir rejissor və insan olaraq vacib məqamdır.

– Uşaqlığınız içinizdən boylanırmı?

– Sözsüz, mən balaca Eldarı heç vaxt unutmuram. Rusların bir sözü var, “uşaqlıqdan doğulmuş insan”. Mən uşaqlıqdan doğulmuş, yəni yaranmış adamam. Məndə nə yaxşı xüsusiyyətlər varsa, uşaqlığımdan mənə qalıb. İnsan beş yaşına qədər formalaşır. Bunu bir ağaca bənzətmək olar. O ağac sonradan başlayır qol-budaq atmağa. Buna görə də mən heç vaxt nə uşaqlığımı unuduram, nə uşaqlıq dostlarımı, nə də xatirələrimi. İndinin özündə sizinlə danışıram uşaqlığım içimdən mənə baxır. O balaca uşaq doğulduğu yerə, evə, həyətə cox sadiqdir. Mən onu cox istəyirəm.

– Nəsə deyirmi sizə?

– Mənə xatırladır ki, keçirdiyin həyatı, valideynlərini, məni böyüdən nənəmi, mənimlə bərabər olan dostlarımı unutmayım. Əvvəllər valideynlərimin qarşısında borcum vardı. Elə indi də var. İndi o borclar böyüyüb, nəvələrim var.

Bu gün o nəvələr qarşısında da özümü borclu sayıram. Bu da valideynlərin mənə qoyduğu bir borcdur, onu yerinə yetirməliyəm.

– Allahdan daha hansı hədiyyələri gözləyirsiniz?

– Allah mənə nə lazımdırsa verib. Ümumiyyətlə, Allahdan nəsə tələb eləmək düzgün deyil, o nə məsləhət bilirsə, sənə verir. Mənim nə ixtiyarım var ki, Allahdan tələb edim ki, mənə nəsə ver.

– Xiffətin çəkdiyiniz adamlar varmı, hansı ki deyirsiz kaş qapı açılaydı, içəri girəydi?

– Mənə ruhən yaxın olan insanlar var, amma dünyalarını dəyişiblər. Onlar elə də çox deyil. Xiffətini çəkirəm, amma təəssüf ki, yanımda yoxdurlar.

– Kimlərdir onlar?

– Yox, mən onların adını çəkə bilmərəm.

– Arzunuzu da eşitmək maraqlı olardı?

– İndiki vaxtımda ən böyük arzum nəvələrimin toyunu görməkdir.

– İnşallah! Bəs yaradıcılıqla bağlı?

– Nəvələrimin toyunu görsəm, demək ki, həm də yeni-yeni filmlər çəkəcəyəm. Arzudan arzu doğacaq yəqin.

 

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

1334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv