“Ötən günlərdə onların vaxtından öncə ərazilərimizi tərk etməsini həmin şəxslər də daxil bütün beynəlxalq ictimaiyyət izlədi”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlı kontingentinin vaxtından öncə Qarabağı tərk etməsi barədə fikirlərini səsləndirən politoloq Əlabbas Məhərəmli deyib.
Onun sözlərinə görə, Qarabağ məsələsi ətrafında, istər Vətən müharibəsinə qədər, istərsə də sonra aparılan uğurlu diplomatik siyasətin bu günlərdə məntiqi nəticəsinin şahidi oluruq.
“Rusiya sülhməramlı kontingentinin 2020-ci ildən 2025-ci ilə qədər Qarabağda təhlükəsizliyi təmin etmək üçün Azərbaycana gəldiyi hər kəsə məlumdur. Bu qərar verildiyi zaman bəziləri “ərazimizə başqa ölkənin ordusunu gətirdiniz”, “rus girdiyi torpaqlardan çıxmır” kimi əsassız iddialarla çıxış etməyə başladılar. Lakin ötən günlərdə onların vaxtından öncə ərazilərimizi tərk etməsini həmin şəxslər də daxil bütün beynəlxalq ictimaiyyət izlədi”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, kontingentin vaxtından bir il əvvəl Qarabağdan gedişi sözün həqiqi mənasında istər Avropanı, istərsə də ABŞ-ni şoka salıb.
“Olduqca müsbət sayılan bu siyasi uğurun hansı səylər hesabına əldə edildiyini ağıla gətirmək mümkün deyil. Prezident İlham Əliyev verdiyi sözləri bir-bir yerinə yetirərək həqiqətən də hansı qərarın nə zaman verilməli olduğunu bir daha sübut etdi”, – deyə o yekunlaşdırıb.
Nəsimi Ələsgərli