“Əgər yay boyunca tıxacların qarşısının alınması ilə bağlı hər hansı bir iş görülməyibsə, biz yenə də eyni mənzərənin şahidi olacağıq”.
Bu sözləri məktəblərin açılmasına az müddət qalmış yollarda mümkün nəqliyyat sıxlığının olma ehtimalı məsələsini şərh edərkən nəqliyyat eksperti Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında deyib.
O, bir sıra məsələnin həllini tapacağı təqdirdə tıxacların azalma ehtimalının böyük olduğunu bildirib:
“İri universitetlər, məktəblər, liseylər əsasən şəhərin mərkəzi hissəsində cəmləşib. Bu da məktəblərin açılması ərəfəsində tıxacları qaçılmaz edir. Əgər yay boyunca tıxacların qarşısının alınması ilə bağlı hər hansı bir iş görülməyibsə, biz yenə də eyni mənzərənin şahidi olacağıq.
Bakıda tıxacların qarşısını 100% almaq mümkün olmayacaq. Bununla yanaşı ən azından arxitektura və tikinti qaydalarına riayət etməyə ehtiyac var. Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerləri təşkil edilməlidir.
Orta məktəblərin ayrıca parklanma yerləri olmalıdır. Təəssüf ki, bu gün orta məktəblərə gedən avtomobil yolları zəbt olunub. Təhsil müəssisələrinə yaxın ərazilərdə çoxmərtəbəli binalar tikilib. Belə olan halda valideynlər övladlarını məktəbə gətirərkən avtomobili elə yolun ortasındaca saxlayırlar. Çünki azyaşlı uşağı, əlbəttə, heç kim özbaşına buraxmaz.
Məktəb avtobuslarına gəldikə isə bununla bağlı əvvəllər Elm və Təhsil Nazirliyi ilə Bakı Nəqliyyat Agentliyi arasında müzakirələr aparılmışdı. Amma məsələnin hələ də həllini tapmamasından görünür ki, bu sadəcə bir danışıq imiş”.
Sadiq Cavadov