“Əsəd ailəsi Suriyadakı hakimiyyətini uzun illərdir əlində saxlayırdı, lakin son dövrlərdə rejimin zəifləməsi və silahlı müxalifətin aktivləşməsi diqqət çəkdi. Xalqın müxalif qüvvələri xoş qarşılaması və şəhərlərin asanlıqla onların nəzarətinə keçməsi göstərir ki, Bəşər Əsəd rejimi yalnız beynəlxalq arenada deyil, daxildə də dəstəyini itirib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi ötən gün müxalif qrupların Suriyanın paytaxtı Dəməşqi ələ keçirməsindən sonra 53 illik Əsəd sülaləsi rejimin devrilməsinin siyasi motivlərini şərh edib.
Onun sözlərinə görə, reejimin arxasında duran iki əsas güc – İran və Rusiya 2015-ci ildən etibarən rejimi müdafiə etmək, hətta bəşəriyyətə qarşı cinayətlər törətməklə onun mövqelərini qorumağa çalışdı:
“Bu proseslərdə təxminən 680 min insan həyatını itirdi. İran və Rusiyanın hərbi müdaxiləsi Suriya münaqişəsindəki əsas qırğınlarda mühüm rol oynadı. Lakin son dövrlərdə Rusiya Ukrayna müharibəsinə yönəldiyi üçün Suriyadakı təsirini zəiflətdi, İran isə İsrail ilə gərginliklər və daxili problemlər səbəbindən bölgədə mövqelərini itirdi. Suriyada korrupsiya və rüşvətxorluq ordunun daxilində də geniş yayılıb. Əsgərlər arasında rejim üçün döyüşmək istəməyənlər çoxdur. Son dövrlərdə müxalifət qüvvələri sıravi əsgərlərə toxunulmaması ilə bağlı göstərişlər verib ki, bu da rejimin zəifliyini daha da üzə çıxarır”.
Analitik əlavə edib ki, Türkiyənin bölgədəki rolu diqqətəlayiqdir:
“Astana prosesində Türkiyənin irəli sürdüyü tələblərin əksəriyyəti yerinə yetirilməyib və Türkiyədə yaşayan 5 milyona yaxın suriyalı qaçqının geri qaytarılması üçün şərait yaradılmayıb. Bu, Türkiyə üçün həm humanitar, həm də təhlükəsizlik baxımından ciddi problem olaraq qalır.
Digər tərəfdən, ABŞ-nin bölgədəki siyasəti də maraqlıdır. Amerika PKK-nı dəstəkləyərək, bu terror təşkilatına milyardlarla dollar vəsait ayırıb. Suriyanın neft ehtiyatlarının 90%-dən çoxunun və qaz ehtiyatlarının yarısının yerləşdiyi ərazilərə nəzarət edən PKK-nın dəstəklənməsi Türkiyə ilə ABŞ arasında gərginlik yaradır. Amerika bu addımları İŞİD-lə mübarizə adı altında əsaslandırsa da, bu, əslində, bölgədə uzunmüddətli təsirini qorumaq məqsədi daşıyır”.
“İranın bölgədəki təsiri də zəifləyib. İsrail ilə qarşıdurmalar, daxili iqtisadi problemlər və beynəlxalq təzyiqlər İranı geri addım atmağa məcbur edib. Bu isə Bəşər Əsəd rejiminin daha da təcrid olunmasına və müdafiəsiz qalmasına səbəb oldu. Hazırda Suriyanın gələcəyi qeyri-müəyyəndir. ABŞ və Rusiya arasında razılaşmaların necə formalaşacağı, Türkiyənin bölgədə hansı addımları atacağı və İranın gələcəkdə hansı mövqedə dayanacağı bu proseslərin taleyini müəyyən edəcək. Əsas sual isə qalır: Suriyada sabit bir dövlət modeli qurmaq mümkündürmü? Bu, yalnız bütün tərəflərin kompromisə gedəcəyi halda reallaşa bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov