“Əsəd rejiminin devrilməsi hələ bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlmir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Suriyada Bəşər Əsəd rejiminin müxaliflər tərəfindən devrilməsindən sonra regionda baş verəcək mümkün hadisələrə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, silahlı qruplaşmaların münaqişə riski çox yüksəkdir:
“Əsəd rejiminin devrilməsində əsas rolu şübhəsiz “Heyət Tahrir eş-Şam” oynadı. Ancaq Suriyada fərqli silahlı qruplar var, PKK-ya bağlı olanlar fürsətdən istifadə edib nəzarət etdikləri əraziləri genişləndirməyə çalışacaqlar. Belə olan halda HTŞ ölkənin bütövlüyü naminə PKK-ya savaşa girişəcəkmi?
Hələ ki, iki qrup arasında razılaşmanın olduğu görüntüsü var. HTŞ paytaxta doğru irəlilədikdə digər silahlı güclər də fərqli istiqamətlərdə müxtəlif əraziləri nəzarətə götürüblər. Suriyada müxtəlif dinlərin və məzhəblərin ortaq məxrəcə gələrək hamının dəstəklədiyi hakimiyyət formalaşdırması bu ölkə üçün ən ideal variantdır. Ancaq təəssüf ki, biz hər zaman Yaxın Şərqdə fərqli örnəklərin şahidi olmuşuq. Suriya üçün ən pisi odur ki, bu ölkədə müxtəlif dövlətlərin maraqları kəsişir. Böyük oyunçular Suriyada pay sahibi olmağa çalışacaqlar. Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir”.