“Suriya çox önəmli bir coğrafiyada yerləşir. Eyni zamanda, Suriya çox mühüm təbii sərvətlərə malikdir. Lakin təəssüflər olsun ki, uzun illər müxtəlif imperialist dairələr, həmçinin Bəşər Əsəd rejiminin yarıtmaz siyasəti nəticəsində Suriya xalqı o sərvətlərdən məhrum olublar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bundan sonra Suriyanın nicatı təkhakimiyyətli normal bir idarəetmədən keçir:
“Belə ki, Suriya Bəşər Əsədin dövründə atılan yanlış addımları, böyük ehtimalla, davam etdirməyəcək. Təbii ki, Suriyanın çətin vaxtlarında ona dəstək olan, Suriya xalqını himayə edən, Suriyanın istənilən çətin vəziyyətdən xilas edən Türkiyə olduğu müddətcə eyni hadisələrin təkrar olması çox çətindir. Eyni zamanda, Suriyanın müvəqqəti keçid hakimiyyətinin islahatlara dair proqramı praktiki olaraq işlək olmalıdır. Təbii ki, bu proqramı doğru şəkildə həyata keçirmək də çətin vəziyyətdir. Çünki məlum məsələdir ki, müxtəlif güc faktorları öz mənafelərinə görə Suriya ilə siyasi bazarlıqlar etməyə çalışacaqdır”.
Analitik Suriyadakı müvəqqəti keçid hökumətinin yeni hökumət formalaşdıra biləcəyini də qeyd edib:
“Hesab edirəm ki, Suriyadakı müvəqqəti keçid hökuməti seçkilərə qədər yeni dayanıqlı hökumət yarada biləcək. Təbii ki, bu da öz növbəsində Suriyanın qonşuluqdakı ölkələrlə iqtisadi və siyasi cəhətdən əlaqələr yaratması üçün çox vacib bir addım olar. Bundan əlavə, Şərqdə baş verən qarşıdurmaları, yaranan gərginliyi nəzərə alsaq, Suriya daxilində yaranan əmin-amanlığın Şərq üçün müsbət təsir bağışlaya biləcəyini asanlıqla söyləmək olar”.
Mayıl Soltanov