Xəbər verildiyi kimi, Suriya diktatoru Bəşər Əsədin müxalifətin nəzarət etdiyi ərazilərə həmlə edərkən kimyəvi silahdan istifadə etməsi ABŞ-ın bu ölkəyə müdaxiləsilə nəticələndi. Pentaqon “Tamaqavt” raketlərindən istifadə etməklə Suriya hərbi hava qüvvələrinə məxsus bazanı və çoxsaylı təyyarəni məhv etdi. Həmin hadisə istər-istəməz Suriya ətrafında cərəyan edən hadisələrə yeni impuls verdi. Görəsən, bu olaydan sonra Suriya ətrafında gedən hadisələr hansı istiqamətdə davam edəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yeniçağ.az-a açıqlamasında bildirdi ki, bu hadisədən sonra Moskva ilə Dəməşqin həmin ana qədər güclənən mövqelərində çatlar əmələ gələ bilər:
“Artıq ABŞ-ın Suriyanı bombalaması məsələsi unudulmağa başlanıb. Rusiya bu hadisədən dərhal sonra müəyyən hay-küy saldı. Amma Moskvada da bilirlər ki, Vaşinqtonla baş-başa gəlməklə bölgədə ciddi toqquşmaya səbəb ola bilərlər. Fikir verdinizsə, ABŞ raketləri Suriyanı vuranda Rusiyanın havadan müdafiə sistemləri kənara çəkildi. Yəni Rusiyanın həmin raketləri vurması Amerikaya meydan oxumaq olardı. ABŞ bu addımı ilə mesaj göndərdi ki, Əsəd yenidən kimyəvi silahdan istifadə edərsə, yenə də vurulacaq. Rusiya da prosesdən nəticə çıxartmalıdır. Ankara da Rusiyaya müraciət edib ki, Əsədə dəstək siyasətinə yenidən göz gəzdirsin. Bu günlərdə ABŞ dövlət katibi Tillerson Moskvaya səfər edəcək. Bu səfər gedişində aydın məsələdir ki, Suriyada cərəyan edən hadisələr müzakirə predmeti olacaq. Putin də Amerika ilə məsələnin gündəmdə qalaraq çox da dərinə daşınmasını istəmir.
Putin də anlamalıdır ki, Əsədə verdiyi dəstək getdikcə ona problemlər gətirəcək və belədə həqiqətən də Ankaranın dediyi kimi həmin siyasətinə göz gəzdirməlidir. Həmin hadisəyə qədər də Əsəd ölkəsinin əksər ərazisinə onsuz da nəzarət etmirdi. Amerika da silahlı kürdlərə dəstək verir. Yəni burada aləm bir-birinə qarışıb və bu qarışıqlıq sözügedən hadisədən sonra da davam edəcək. Belə vəziyyətdə isə Əsədin vəziyyəti ağırlaşacaq.
Əsəd onu da anlamalıdır ki, kimyəvi silahdan istifadə etdikcə Moskvanın ona verdiyi dəstək də azala bilər. Moskva özü də hazırkı vəziyyətdən müəyyən nəticələr çıxartmalıdır və çıxaracağı nəticə Əsədin xeyrinə olmayacaq. Bildiyimiz kimi, ABŞ-ın bu addımını Türkiyə də dəstəklədi. Amma yetərli olmadığını da vurğuladılar. Türkiyə üçün əsas odur ki, Vaşinqton Suriyadakı silahlı kürdlərə dəstək verməsin. Amma indilikdə bu dəstək davam edir. Ankara indiki məqamda Suriyada istədiyinə nail olub. Sərhəddən kənarda Suriyada aralıq bölgə yaradıb. Türkiyə Rusiya ilə də atəşkəs sazişinə riayət etdiyini bəyan edir. Amma bir şərtlə ki, Moskva Əsədə dəstək məsələsinə yenidən baxsın. Moskva buna baxmayacaqsa, istər-istəməz Ankara-Moskva anlaşması arxa plana keçə və atəşkəs böyük ölçüdə pozula bilər. Əsədin kimyəvi silahdan istifadə etməsi və ABŞ-ın onun mövqelərinə sarsıdıcı zərbələr endirməsi fonunda Astanada imzalanmış atəşkəs rejimi daha da kövrək hala gəlib. Və bu atəşkəsin hər an tərəflərdən hansısa biri tərəfindən pozulması ehtimalı yüksəkdir”.
ELÇİN
Yeniçağ.az