Əsgər fədakarlığı və MƏMUR KORRUPSİYASI: “Ukraynanın hakim zümrəsi yalnız talançılıqla…”

“Ölkə müharibə aparır, paytaxtda, böyük şəhərlərdə kafelər, restoranlar, barlar, gecə klubları işləyir, hamı kefdədir”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişi, Qərbin atdığı addımlar və Ukrayna daxilindəki problemləri dəyərləndirən politoloq Zərdüşt Əlizadə  Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə bildirib ki, Ukrayna ordusu rəşadətlə döyüşsə də, ölkənin məmur təbəqəsi talançılıqla məşğuldur:

“Rusiya-Ukrayna müharibəsinin mühüm özəllikləri var. Ukrayna müstəqil olandan sonra oranın hakim zümrəsi, məmurları var gücləri ilə ölkələrinin sovet dövründə əldə etdiyi bütün sənaye, elmi-texniki üstünlükləri hərraca qoyaraq satıb-dağıdıblar.

Vaxtilə Avropanın aparıcı sənaye ölkələrindən olan Ukraynanın demək olar ki, öz ordusunu silah-sursatla təmin etmək imkanı çox aşağı səviyyədədir. Buna görə də Ukrayna Qərbin hərbi yardımlarına möhtac qalıb. Qərb də bu hərbi yardımı elə verir ki, özünün Rusiya ilə müharibə təhlükəsi yaranmasın.

Qərb çox gözəl bilir ki, Rusiyanın nüvə potensialı Qərbi məhv etmək gücündədir. Ona görə də, Rusiyanı qıcıqlandırmamaq üçün Ukraynaya hərbi yardımı “çay qaşığı” ilə verir. ABŞ-nin bazalarında, anbarlarında, çöllərində 2 mindən çox “Abrams” tankı var. Ancaq o tanklardan Ukraynaya cəmi 30 ədəd veriblər. 30 tankla heç nə etmək olmaz.

ABŞ-nin 800 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi var və onlardan 700-ü öz ərazisindədir. Amerika qitəsində, onun yaxınlığında ABŞ-a hücum edə biləcək ölkə yoxdur. 700 HIMARS sistemi dura-dura, Ukraynaya onlardan cəmi 30 ədəd verib.

Respublikaçı konqresmənlərin təklifi ilə ABŞ 2023-cü ilin may ayında Lend-liz haqqında qanunu imzalamağa məcbur oldu. Həmin qanun əsasında ABŞ anbarlarında qalan silahları Bayden Ukraynaya verə bilər. Lend-liz qanunu imzalanıb, Konqres təstiq edib, ancaq onun müddəaları həyata keçirilmir. Səbəb bunun Rusiyanın xoşuna gəlməyəcəyidir.

Ukrayna iqtisadiyyatı iflic edilib. büdcəsi bomboşdur, Qərbin yardımından aslıdır. Ukrayna ordusunun zabit, əsgərlərinin maaşını da Qərb verir. Ukraynada eyni zamanda, korrupsiya tüğyan edir. Zelenski buna qarşı mübarizə apara bilmir. Əgər korrupsiyaya qarşı mübarizə aparsa, gərək məmur sinfinin 80 faizini “içəri” doldura. Çünki hamısı oğrudur.

Ölkə müharibə aparır, paytaxtda, böyük şəhərlərdə kafelər, restoranlar, barlar, gecə klubları işləyir, hamı kefdədir. Ancaq cəbhədə zabitlər, əsgərlər canından keçir. Deyilənə görə, savaşda 130 min Ukrayna kişisi həlak olub. Biz 44 günlük müharibədə 3 minə yaxın şəhid verdik, hamımız ağladıq, pis olduq. Orada 100 mindən yuxarıdır bu rəqəm, ancaq Ukrayna hakim sinifinin vecinə deyil.

Özləri üçün keflə yaşayırlar. Hamımız Ukraynaya qələbə arzulayırıq, Rusiyanın təcavüzkar siyasətini pisləyirik. Bununla yanaşı, həqiqəti də demək lazımdır ki, Qərb çox ehtiyatla tərpənir, Rusiyanı həddən artıq qıcıqlandırmaqdan yayınır. Ukrayna xalqının da əksər hissəsi öz adi həyat tərzini dəyişmək istəmir. Bütün əhalidən, xüsusilə də hakim zümrədən böyük fədakarlıq tələb olunur. Ancaq Ukrayna hakim zümrəsi bu reallığı rədd edir”.

Səxavət Məmməd

COP29