26 iyun Azərbaycan Silahlı Qüvvələr günüdür. Necə deyərlər, bu tarix torpağı Vətən edənlərin günüdür. İllər öncə əsgəri xidmətdən yayınanlar, ordu sıralarında qulluq etmək istəməyənlər bu gün böyük həvəslə əsgəri xidmətə yollanır, öz vətəndaşlıq borcunu yerinə yetirir.
Olduqca alqışalayiq olan bu tendensiyanın əsl səbəbləri maraq doğurur.
Suallara cavab verən sosioloq Rüfət İsmayılzadənin fikrincə, məsələnin kökündə gənc nəslin təlim-tərbiyəsi və yurd sevgisi ilə yanaşı daha ciddi bir məsələ durur:
“ Əvvəla onu deyim ki, Azərbaycan xalqının bir gen yaddaşı var. Və bu xalq həmin yaddaşa çox bağlıdır. Yurdu qorumaq, onun uğrunda döyüşmək hələ ta qədimdən Oğuz elinin qanunlarından idi. Sovet dövründə insanlar anlayırdılar ki, qoruduqları öz vətənləri, öz torpaqları deyil. Həm də orduda vəziyyət olduqca qeyri-qənaətbəxş idi. İstər münasibət, istər şərait, istərsə də qidalanma baxımından …
Azərbaycan müstəqillik qazandıqdan, azad, suveren olduqdan sonra Ordudakı islahatlar da geniş vüsət aldı. Əsgərlərimizin xidməti üçün olduqca müasir və qüsursuz şərait yaradıldı. Və bu gün Azərbaycan əsgəri ən müasir kazarmalarda, ən keyfiyyətli qida və yaşam şəraiti ilə öz xidməti borcunu yerinə yetirir. Valideynlər də bilir ki, onun övladı necə bir şəraitdə xidmət edir. Və inanın, mən öz övladını əsgərliyə göndərən valideynləri şəxsən tanıyıram . Bu da ailələrin rahatlığından, dövlətə güvən və etibarından xəbər verir. Və deyim ki, əsgəri güvəndə olan dövlətin özü də güvənlə qorunar. Necə ki, bu gün Azərbaycan əsgəri öz şücaəti ilə ad qazanıb.