“Əsirlikdə olan zaman bizi elektrik cərəyanına verirdilər” – Bayram Kərimov

“Əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanıldıq. Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Həmidov Nahid Yaşar oğlu deyib.

“Onlar 1992-93-cü illərdə etdiyi terror aktlarını sadalayıb, fəxr edirdilər. Bir daha Ali Baş Komandan İlham Əliyevə Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”, – o bildirib.

“Əsirlikdə olan zaman işgəncələrə məruz qaldım. Elektrik cərəyanına verirdilər və s. işgəncələr edirdilər. Vətənə qayıdan zaman ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, torpaqlarımızı öpərdim”, – bu sözləri isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Kərimov Bayram Yaşar oğlu deyib.

O bildirib ki, Vətənə, yaxınlarının yanına döndüyü üçün Ali Baş Komandana minnətdarlığını bildirir: “Məhz onun sayəsində Ordumuz torpaqlarımızı işğaldan azad etdi”.