“ABŞ və NATO-nun təcavüzdən əvvəl Ukraynaya yönəlik gurultulu dəstək bəyanatları Rusiya üçün çəkindirici amilə çevrilmədi”.
Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin sabiq müşaviri, uzun müddətdir ABŞ-də məskunlaşan Vaşinqtondakı Təhlükəsizlik Siyasəti Mərkəzinin baş elmi işçisi Andrey İllarionovun “NATO Ukraynaya qoşun yerləşdirsəydi, Rusiya hərbi təcavüzə cəsarət etməzdi” məzmunlu fikirlərini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Putinin sabiq müşavirinin bu yanaşması Ukrayna ilə bağlı NATO-nun tənqid olunmasının növbəti təzahürüdür:
“Bu fikirlərə öncə ümumi münasibət bildirsək, o zaman İllarionovun heç də haqsız olmadığını söyləmək mümkündür. Bəli, əksər təhlilçilər belə hesab edir ki, ABŞ və NATO bu il fevralın 24-nə qədər Ukraynada müəyyən sayda hərbi kontingent, o cümlədən, arsenal yerləşdirsəydi, Rusiya müdaxilə etməzdən əvvəl daha çox düşünüb-daşınardı.
Amma Amerika ilə NATO-nun təcavüzdən əvvəl Ukraynaya yönəlik gurultulu dəstək bəyanatları Rusiya üçün çəkindirici amilə çevrilmədi. Əksinə, NATO üzvlərinin Ukraynada Rusiyaya qarşı döyüşmək niyyətlərinin olmamasını bildirmələri Kremli xeyli ürəkləndirdi. Nəticədə savaş bu gün də davam etməkdədir.
İllarionovun dediklərinə fərqli yöndən yanaşsaq, ABŞ ilə NATO-nun Ukraynaya qoşun yeritməməsi onların Rusiya qarşısında ehtiyatlı, çəkingən mövqe tutduqlarını söyləməyə əsas yaradır. Baxın, bu gün Qərb ölkələri geniş partiyalarla Ukraynaya hərbi yardım göndərirlər. Lakin Rusiyanın hərbi təcavüz planının reallığını bilə-bilə preventiv addımların atılması mümkün idi.
Başqa bir sual da yaranır: NATO qüvvələri Ukraynaya yerləşdirilsəydi, Putin təcavüz planından imtina edəcəkdimi? Bunun birmənalı cavabı yoxdur. Lakin aydındır ki, Putin o halda da müdaxiləyə qərar versəydi, NATO ilə döyüşməli olacaqdı və böyük ehtimalla, cəmi bir neçə həftəyə məğlub olacaqdı. Yəni Rusiya Ukrayna ilə artıq iki aydır bacara bilmirsə, NATO-nun qarşısında hansı vəziyyətə düşəcəkdi, təxmin etmək çətin deyil”.
A.Zeynalov