“Əslində, Ramiz Mehdiyev fəallaşmayıb, onun qruplaşmasına qarşı mübarizə zəifləyib” – Partiya sədri

“Əsas məsələ onlara qarşı ardıcıl, davamlı, düşünülmüş və sistemli mübarizənin aparılmasıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev və çevrəsinin yenidən fəallaşmasına münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslının fikrincə, bu fəallaşma Ramiz Mehdiyevin başında olduğu qruplaşmaya qarşı aparılan mübarizənin zəifləməsindən qaynaqlanır:

“Heç kəs Ramiz Mehdiyev başda olmaqla, o qruplaşmanın tez təslim olacağını, mövqelərini əldən verəcəyini və bayraqlarını endirəcəyini gözləmirdi. Çünki o adamlar hakimiyyətdə möhkəm kök atıblar. Hətta bəzilərinin vəzifə stajı prezident İlham Əliyevin hakimiyyətdə olduğu müddətdən daha çoxdur.

Onların başqa ölkələrdə ciddi himayədarlarının olduğunu nəzərə alsaq, həmin qruplaşmanı qısa zaman ərzində neytrallaşdırmağın çətinliyini başa düşərik. Ancaq əsas məsələ o dəstənin müqaviməti yox, onlara qarşı ardıcıl, davamlı, düşünülmüş və sistemli mübarizənin aparılmasıdır. Bu mübarizə davam etdirilməli və heç bir boşluq verilməməlidir.

Çünki ilk boşluqda adamlar mövqelərini möhkəmləndirirlər. Hazırda onların iqtidarda kifayət qədər kadrları var. Bu kadrlar bir-birilərinə “məni filankəs vəzifəyə gətirib” düşüncəsi ilə deyil, daha çox qohumluq əlaqələri ilə bağlıdırlar.

Yenə qeyd edirəm, əsas məsələ o qruplaşmaya daxil olanların dirənişi deyil, onlara qarşı aparılan mübarizənin prinsipiallığı və effektivliyidir. Gördüyümüz budur ki, həmin dəstənin dirçəlməyinin səbəbi onlara qarşı aparılan mübarizənin zəifləməsidir.

Fikrimcə, bu, yanlışdır. Dövlətin canını bunlardan xilas etməsək, Azərbaycanı 25 ildir, geri salan insanlardan qurtarmasaq, dövlətin müxtəlif orqanlarına uzanan əllərini kəsməsək, yəqin ki müsbətə doğru heç nə dəyişməyəcək.

Mən bu istiqamətdə daha təsirli addımlar atılmasını gözləyirəm. Təbii ki, müxalifət olaraq biz indiyə qədər vətənə ziyan verən o dəstənin zərərsizləşdirilməsində çox maraqlıyıq. Bu, normal dövlət sisteminin qurulması üçün çox vacibdir”.

Aqil Bəkir