Ət niyə bahalaşır?: “Sərbəst bazar iqtisadiyyatı şəraiti yaradılmayana qədər…” – İqtisadçıdan ÇIXIŞ YOLU

“Ət məhsullarının qıtlığı bahalığa gətirib çıxaracaq”.

Bu fikri son bir ildə Azərbaycanda qoyun və quzuların sayının 10 faiz azalması və bunun son 10 il ərzində qeydə alınmış ən aşağı göstərici olması ilə bağlı məlumatı şərh edərkən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert yaranmış vəziyyəti bir çox səbəblərlə əlaqələndirib:

“Azərbaycanda qoyun-quzu, ət daha çox istehlak olunan məhsullardır. Tələb, təklif məsələsi var. Təbii ki, məhsulların azalması bahalığa gətirib çıxaracaq. Səbəblər çoxdur. Sahibkarlara bu fəaliyyətlə məşğul olmaq sərf etmir, səbəbi də bahalıqdır. Dövlət kənd təsərrüfatı sahəsinə müəyyən güzəştlər tətbiq edir, amma nəticə göz qabağındadır. Kənd təsərrüfatı sahəsində dövlətin tətbiq etdiyi güzəştlərlə yanaşı, müvafiq şərait də olmalıdır. Ölkədə sahibkarlar üçün yaradılan şəraitdən söhbət gedir. Niyə insanlar bu sahə üzrə məşğul olmaq istəmir? Çünki inam yoxdur. Sahibkar düşünür, torpaq sahəsi götürəcək, heyvan alacaq, amma əmin deyil ki, kimsə onun biznesinə göz dikməyəcək. Çünki inhisarılıq var. Hər kəs bunu öz monopoliyasında saxlamaq istəyir. Sərbəst bazar iqtisadiyyatı şəraiti yaradılmayana qədər belə də davam edəcək.

Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin etmək üçün Rəqabət Məcəlləsi layihəsi hazırlanıb. Məcəllənin yazda qəbul olunacağına söz vermişdilər, amma hələ də gözləyirik”.

Cəvahir