“Ətin qiymətinin bahalaşması tendensiyanı yaradan bir sıra səbəblər var. Bunun başlıcası odur ki, Azərbaycan daxilində ət istehsalı azdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Mütəxəssis Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan hesabatda ətin qiymətinin qalxmasından söz açıb.
Onun sözlərinə görə, bu gün ölkədə tələb təklifi üstələyir:
“Ona görə də ətin qiyməti bundan sonra da bahalaşmaqda davam edəcək. Eləcə də yay aylarında yağışlı hava şəraitinin davam etməsi fermerlərin yem yığımına mənfi təsir göstərir. Məsələn, elə günlər olur ki, otun biçimindən sonra yağış yağmağa başlayır. Əgər yağı biçili otu qurudursa, artıq onun keyfiyyəti, demək olar ki, 50-60% itir. Nəticədə isə fermerlərin xərcləri artır”.
A. Nəsirliyə görə, Azərbaycanda, bir tərəfdən, istehsal azdır, digər tərəfdən də xərclər artır:
“Ona görə mənə elə gəlir ki, payız aylarına doğru ətin qiyməti bahalaşacaq. Hətta sözügedən bahalaşmanın payıza qədər olacağı ehtimal olunur. Çünki meyvə-tərəvəz məhsullarının istehsalında ciddi kəsrlər var ki, bu da mövcud hava şəraiti ilə əlaqədar baş verib. Bu isə ətə tələbatı artırıb. Yəni həm havalar sərin keçir, həm də meyvə-tərəvəz bahadır deyə, ətə tələbatı bir növ qarşılaya bilmir. Buna görə də ətə olan tələbat artır.
Üstəlik, Məhərrəm ayı da çıxıb və 10 -15 gündən sonra toy mövsümü başlayacaq. Ona görə də ətin qiymətində bahalaşma payıza qədər və payızdan sonra da gözləniləndir. Məsələn, indi mal əti alıcılara 14-14.50 AZN civarında təklif olunursa, ilin sonuna kimi 2-3 manatlıq bahalaşma istisna edilmir”.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinın verdiyi məlumatda qeyd olunub ki, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.
Rafi Müslümov