Bu gün Əbülfəz Elçibəyin vəfatının üzərindən 18 il keçir. Milli Azadlıq Hərəkatında onun liderliyi altında mübarizə aparan insanlar zaman-zaman açıqlamalar verirlər. AXC-nin Təşkilat Komitəsinin üzvü, AXC hakimiyyəti dönəmində Füzuli rayonunun icra başçısı vəzifəsini tutmuş Şakir Abbasovun Elçibəylə bağlı xatirələrini ötən yazımızda qısa olaraq, vermişdik.
Bu gün isə Şakir Abbasovun Elçibəyin dəfn günü ilə bağlı heç yerdə yayınlanmamış açıqlamasını təqdim edirik.
Yenicag.az-a açıqlamasında Ş.Abbasov bildirib ki, “Həmin gün Mirmahmud ağanın tapşırığı ilə Vida Mərasimində Sayğı duruşuna nəzarət edirdik. Prezident Heydər Əliyev gəlmədən iyirmi dəqiqə öncə sonradan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Namiq Həsənov gəlib xəbər verdi. Prezidentdən əvvəl AMİP sədri Etibar Məmmədov ilə Tamerlan Qarayev gəldilər. Sayğı duruşu üçün onların qollarına qara lentləri taxdığımız zaman Heydər Əliyev Murtuz Ələsgərov, Ramiz Mehdiyev və Rafael Allahverdiyevlə birlikdə salona daxil oldular. Əliyev gəlir-gəlməz Etibar bəylə Tamerlan müəllim geri çəkilərək, sıralarını Prezidentə verdilər. Rəhmətlik Əliyevgil sayğı duruşunda dayandıqdan sonra isə prosses dayandığı üçün Etibar Məmmədovla Tamerlan Qarayev Bəy üçün salonda son vəzifələrini icra edə bilmədilər”.
Bəlkə də, qədərin cilvəsidir ki, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsində mühim rol oynayan tələbəsi Etibar Məmmədov Bəyə qarşı son vəzifə hesab edilən sayğı duruşunda dayanmaqdan məhz bu şəkildə məhrum olub.