Ətin qiyməti BAHALAŞIR? – “Belə bir vəziyyət adi hallarda da baş verir”

“Azərbaycana müxtəlif ölkələrdən ət idxalı olur. Lakin bəzi ölkələrdən gətirilən ətlərdə müxtəlif xəstəliklər aşkarlandığı üçün həmin ölkələrdən idxal prosesi qadağan edilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bu vəziyyət Azərbaycan iqtisadiyyatına o qədər böyük təsir etməyəcək:

“Ümumiyyətlə, Azərbaycana müxtəlif ölkələrdən ət idxalı olur. Biz ümumi olaraq bunu 100% götürsək, ətin idxalı üçün qadağan olan ölkələr bunun 2%-i təşkil etmiş olacaq. Yəni burada radius məsələsi böyük rol oynayır. Təbi ki, biz bu ölkələrə qədər olan radiusun çox geniş olmadığını görərək, asanlıqla bunun hansısa böyük təsirlərə səbəb olmayacağını deyə bilərik”.

İqtisadçı belə hallar üçün müxtəlif çıxış yolları olduğunu da bildirib:

“Belə ki, əgər Azərbaycanda ət azlığı olsa, bunun üçün müxtəlif addımlar mövcuddur. Belə ki, digər müxtəlif ölkələrdən ət idxalı həyata keçirməklə bu azlığın qarşısını da asanlıqla almaq olar. Lakin düşünmürəm ki, ölkədə belə hal yaşanar. Çünki kifayət qədər Azərbaycana ət idxalı olur. Ətin qiymətinin dəyişməsinə gəldikdə isə belə bir vəziyyət onsuz da adi hallarda da baş verir. Fəqət, xüsusi olaraq, idxal məsələsi ilə bağlı qiymət dəyişikliyinin olması çox azdır”.

Mayıl Soltanov

COP29