Ətin qiyməti yenə BAHALAŞACAQ

Azərbaycanda iribuynuzlu və xirdabuynuzlu heyvanların sayı azalıb. Bu, oktyabrın 1-nə olan məlumatdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş azalaraq 2 mln. 533.1 min baş olub. 7 mln. 223.2 min baş təşkil edən xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.

Maraqlıdır, bu amil ətin qiymətini bahalaşdıra bilər?

İqtisadçı Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, ətin qiyməti yenidən bahalaşacaq:

“5-6 ildir ki həyəcan təbili çalırıq ki, Azərbaycanda iri və xırda buynuzlu heyvanların sayı ilbəil azalır. Bu azalma da ətin qiymətinin bahalaşmasına gətirib çıxardır. 7-8 il bundan qabaq ətin qiyməti 7-9 manat arası dəyişirdi, indi az qala 20 manata yaxınlaşır. Hər il yay aylarında ucuzlaşan ət, bu il əksinə, yenə bahalaşdı. Bu o deməkdir ki, xırda və iri buynuzlu heyvanların sayı kritik həddə azalmağa başlayır. Bu amil qarşıdakı aylarda ətin qiymətinin bahalaşmasına özünü göstərəcək. Növbəti ildə də ətin qiyməti əlbəttə ki bahalaşacaq”.