Qədim yaşayış məskəni olan Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib, fərqli etnik qruplar Azərbaycanı özünə vətən bilib. Müstəqillik bərpa edildikdən və qarışıqlıq dövrü arxada qaldıqdan sonra multikulturalizmi, tolerantlığı dövlət siyasəti olaraq inkişaf etdirən Azərbaycan bu sahədə dünyaya örnək təşkil edə biləcək səviyyədə uğurlar əldə edib.
Bu gün Azərbaycanda ləzgi, talış, avar, tat, saxur, inqiloy, kürd, tatar, qrız, rus, yəhudi, udinlər xınalıq, buduq, erməni, haput, ukraynalı və digər millətlər yaşayır. Bu millətlərin hüquqları isə Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunlarla qorunur. Konstitusiyanın bərabərlik hüququndan bəhs edən 25-ci maddəsində dövlətin irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyi qeyd olunur, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağın qadağan olduğu bildirilir.
Bütün vətəndaşların dövlətin gözündə bərabərliyinin təmin edilməsi həmin etnik qrupların ayrı-seçkiliyə məruz qalmalarını əngəlləyir. Azərbaycandakı etnik qruplar buranı özlərinə vətən olaraq görür. Elə bu səbəbdən də 2020-ci ildə Ermənistanın çoxillik işğalına son qoymaq üçün başlayan və 44 gün davam edən Vətən müharibəsində bütün etnik qruplardan olan şəxslər cəsurca döyüşdü, torpaqların işğaldan azad edilməsi uğrunda qan töküb canlarından keçdilər.
Azərbaycanda yaşayan ən böyük etnik qruplar ləzgilərdir. Azərbaycanda ləzgilər Qusar, Quba, Şəki, Qəbələ və Xaçmaz rayonlarında yaşayırlar. 2019-cu ilin siyahıyaalmasına görə, ölkədə 167,6 min ləzgi yaşayır ki, bu da ümumi əhalinin 1,7 faizini təşkil edir. Yenə həmin siyahıyalmaya görə, ən çox ləzgi Qusarda yaşayır: 86 021 nəfər. Qəbələdə 14 587, Xaçmazda 19 553, Qubada 7 691, Şəkidə isə 4 946 nəfr ləzgi məskunlaşıb.
Həmçinin Azərbaycanda ləzgi dilində “Samur” qəzeti də nəşr olunur.
Statistik göstəricilər və rəmsi məlumatlar Azərbaycanda ləzgilərin heç bir ayrı-seçkiliyə məruz qalmadığı yönündədir. Bəs bu barədə ləzgilərin özləri nə düşünürlər?
Qəbələnin Laza kəndində məskunlaşan ixtisasca tarix müəllimi olan Ağasöyün Bəhərçinov Yenicag.az-a açıqlamasında Azərbaycanda yaşayan ləzgilərə dövlət münasibətindən danışıb.
Ağasöyün Bəhərçinov qeyd edib ki, bu günə qədər ləzgi olduğu üçün ayrı-seçkiliyə yol verilməsi halı ilə rastlaşmayıb:
“Biz Qəbələdə digər etnik qruplarla mehriban şəkildə yaşayırıq. Bilirsiniz, Qəbələdə ləzgilərdən başqa türklər, udilər, ruslar da yaşayırlar. Biz onlarla çox gözəl keçinib gedirik. Qəbələdə millətlər arasındakı münasibətlər mehribandır. Həmçinin dövlət dairələrində də etnik qruplara qarşı münasibətdə hansısa bir ayrı-seçkilik yoxdur. Yəni elə bir hal olmayıb ki, mən hansısa məsələ ilə bağlı bir dövlət qurumuna gedim və ləzgi olduğum üçün mənim o işimi həll etməsinlər. Əksinə, hara getsək, bizi hörmət-izzətlə qarşılayırlar. Bu da yüzillərdir eyni yerdə məskunlaşmağımızdan, çörəyimizin, suyumuzun bir olmasından qaynaqlanır”.
Laza sakininin sözlərinə görə, ləzgilərin sıx məskunlaşdığı yerlərdə ləzgi dili də uşaqlara öyrədilir. Ağasöyün Bəhərçinov bildirib ki, millətlər qaynayıb-qarışsa da, heç kəs öz milli kimliyini unutmur:
“Biz bu gün digər millətlərdən qız alıb, qız veririk, onlarla qohum oluruq. Həmin ailələrdə böyüyən uşaqlar da ləzgi dilini bilmiş olurlar. O uşaqların artıq iki ana dili olmuş olur: ləzgi və Azərbaycan dili. Buna görə də Qəbələdə ləzgi dilində danışdığımız zaman ləzgi olmayanlar da bizi başa düşə bilir. Çünki o qədər qaynayıb-qarışmışıq, qohum olmuşuq ki, aramızda xüsusi ünsiyyət forması da inkişaf edib. Necə ki ləzgilər Azərbaycan dilini bilirlər, eləcə birlikdə yaşadığımız digər millətlərin də ləzgi dilini bilməsi sevindiricidir”.
Ağasöyün Bəhərçinov ləzgilərin siyasətdə geniş təmsil olunmasının vacibliyini vurğulayaraq sözlərini yekunlaşdırıb.
Azərbaycanda yaşayan ən böyük etnik qrupun ləzgilər olduğunu bildirən Qusar sakini Sevda Hacıyeva Yenicag.az-a açıqlamasında Azərbaycanda etnik kimliyinə görə diskriminasiyaya məruz qalmadıqlarını söyləyib.
“Bu günə qədər ləzgi olduğum üçün heç bir ayrı-seçkiliyə məruz qalmamışam. Hamımız bilirik ki, azərbaycanlı da, ləzgi də, tat da, talış da eyni hüquqlara malikdir”, – deyən Sevda Hacıyeva ləzgi dilində təhsil məsələsinə də toxunub.
O qeyd edib ki, orta məktəblərdə 1-10-cu siniflərdə ləzgi dili dərsləri keçirilir:
“Şagirdlər ləzgi dilində yazmağı, oxumağı, dilin qrammatikasını öyrənirlər. Həmçinin ləzgi şair və yazıçıları haqqında məlumat əldə edirlər. Ləzgi dilinin gənclər arasında qorunması və təbliğatı barədə onu deyə bilərəm ki, bir dil o vaxt öz işləkliyini qoruyur ki, həmin dildə danışan və ünsiyyət saxlayanlar olur. Ləzgilərin məskunlaşdığı rayonlarda vəziyyət pis deyil, yəni çoxu öz aralarında ana dilində ünsiyyət qurur. Mənfi hal kimi onu görürəm ki, paytaxtda və digər ölkələrdə yaşayan ləzgi ailələrində böyüyən uşaqlar ləzgi dilində ya sərbəst danışa bilmirlər, ya da ümumiyyətlə, danışmırlar”.
Müsahibimiz etnik qruplar arasında evlilik məsələsindən də danışıb. O qeyd edib ki, ləzgilər arasında ailə qurmaq məsələsində etnik kimlik bir o qədər də ön plana qoyulmur:
“Deməzdim, yalnız öz millətindən olan adamlar evlənirlər, ətrafımda olan o qədər insan var ki, digər millətin nümayəndələri ilə ailə həyatı qurublar. Amma hər yerdə olduğu kimi, sadəcə öz millətindən olan insanlarla evlənməyi düşünənlər də yox deyil. 21-ci yüzillik olmasına baxmayaraq, hələ də belə ayrı-seçkiliklərin olması mənə qəribə gəlir”.
Sevda Hacıyeva sözlərini: “Bəzi çoxmillətli ölkələrdən fərqli olaraq, Azərbaycanda bütün insanlar Azərbaycan vətandaşıdır və hamısı bərabər hüquqlara malikdir. Etnik azlıqlar heç vaxt özlərini yad, ikinci dərəcəli hiss eləmirlər. Din məsləsində də vəziyyət eynidir”, – deyə bitirib.
Qəbələdə yaşayan etnik azərbaycanlı Teymur Zeynalov Yenicag.az-a ləzgilərlə olan münasibətlərindən danışıb.
Teymur Zeynalov hazırda özü və ailəsinin ləzgi məhəlləsində yaşadığını bildirib:
“Mən gözümü açandan ləzgi məhəllləsində yaşayırıq və mənim övladlarım da burada böyüyüblər. Ləzgilərlə münasibətimiz çox yaxşıdır. Mənim anam da ləzgidir, qardaşımın həyat yoldaşı da ləzgidir. Elə ana tərəfin qohumları ilə bir yerə yığışanda mən də onlarla ləzgicə danışıram. Yəni bizdə heç vaxt ləzgi, azərbaycanlı, udin kimi ayrı-seçkilik olmayıb. Nic qəsəbəsində də udilər yaşayır, biz hər bazar günü gedib oradakı bazardan alış-veriş edir, udin mallarını satın alırıq. Ləzgilərin heyvandarlıq məhsullarına daha çox üstünlük veririk. Onlar çox çalışqan və namuslu millətdirlər.
Mənim sevərək getdiyim toy məclisləri də elə ləzgi məclisləridir. Onlarda toylar çox maraqla keçir və öz adət-ənənələrini qoruyub-saxlayırlar. Onlarla elə qaynayıb-qarışmışıq ki, bizim uşaqlarımız ləzgi dilini bilir, başa düşür, onların uşaqları da Azərbaycan dilini”.
Teymur Zeynalov, “Mənə elə gəlir ki, artıq ləzgi, azərbaycanlı, udi, yəhudi-filan kimi söhbətlərin aparılması doğru deyil. Belə şeylər o vaxt qaldırılar ki, ortada onların haqlarının tapdalanması məsələsi olsun. Ancaq bu gün Azərbaycanda hər birimizə olan münasibət eynidir”, – deyərək sözlərin tamamlayıb.
Aqil Bəkir