“EuroHome”da təkrarlanan “Diqlas” “praktikası”: Sahibkarlara dəyən ziyanı kim və necə ödəməlidir?

“Vətəndaşa dəyən zərərin ödənilməsi məsuliyyətinin dövlətin üzərinə qoyulması doğru deyil”.

Azərbaycan sahibkarları əmlaklarını yanğından və digər risklərdən sığortalamağa məcbur edən qanunvericilik tədbirlərini tələb olunur

Bu gün tikinti materiallarının satıldığı “EuroHome” ticarət mərkəzində baş verən böyük yanğın sahibkarların risklərdən sığortalanması problemini yenidən aktuallaşdırıb.

Burada söhbət xüsusilə, daşınmaz əmlakın icbari sığortası bazarının genişləndirilməsi istiqamətində işlərin gücləndirilməsinin vacibliyindən gedir. Sözügedən məsələ prezident İlham Əliyev tərəfindən 2019-cu ilin martında “Diqlas” ticarət mərkəzində baş verən yanğından sonra da gündəmə gətirilmişdi.

Ancaq təəssüf ki, ölkədə şirkətlər və sahibkarlıq subyektlərinin risk sığortası üzrə öhdəliklərini yerinə yetirməmələri səbəbindən çox vaxt zərərçəkənlərə ödənəcək kompensasiya xərclərinin bir hissəsi dövlətin üzərinə düşür. Bu, azmış kimi, əmlakı zərər görən vətəndaşlar kompensasiyanı tam həcmdə ala bilməmələrinə görə mülkiyyətçiləri deyil, dövləti məsul görürlər.

Belə vəziyyətlərdə məlum problemin yaranmaması üçün həyata keçirilməli tədbirlər haqda Yenicag.az-a danışan millət vəkili Fəzail Ağamalının fikrincə, ölkədə ilk növbədə, ölkədə sığorta sisteminin tam oturuşması və sahibkarlara məxsus əmlakın icbari sığortaya cəlb edilməsi zəruridir:

“Hər bir mülkiyyət sahibi birmənalı şəkildə öz əmlakını sığortalamalıdır. Bu cür hadisələr baş verəndə onun məruz qaldığı itkini məhz sığorta şirkətləri ödəməlidir. Bu, bütün dünyada belədir. Azərbaycn qanunları da bunu tələb edir və o praktikanın başqa alternativi də yoxdur.

Analoji situasiyalarda məsuliyyətin, daha doğrusu, vətəndaşa dəyən zərərin ödənilməsi məsuliyyətinin dövlətin üzərinə qoyulması doğru deyil.

Sığorta şirkətləri kompensasiyanı ödəməkdən boyun qaçırdıqda isə sahibkarlar məhkəməyə müraciət edib haqlarını tələb etməlidirlər.

Bu da təəssüflə qeyd olunmalıdır ki Azərbaycandakı sığorta şirkətləri hələ tələb olunan səviyyədə formalaşmayıblar. Ona görə də, bu sahədə kifayət qədər problemlər var”.

Aqil Bəkir

COP29