“Euronews” telekanalının Azərbaycan və Ermənistan dövlət başçılarından fərqli zamanda və fərqli məkanlarda aldığı müsahibələri bir format çərçivəsində yayımlaması geniş ictimai marağa səbəb olub.
İlk növbədə, ona görə ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası səbəbindən üç onillik ərzində faktiki müharibə vəziyyətində yaşamış və iki müharibədən keçmiş xalqların sülhə nə qədər hazır olması daha böyük auditoriyada maraq doğurur. “Euronews”-un format seçimi imkan verdi ki, beynəlxalq ictimaiyyət hər iki dövlət başçısının eyni suallarla bağlı fikrini, problemlərə yanaşma tərzini öyrənə bilsin. Təşkilati və texniki baxımdan formatlar fərqli olsa da, bu müsahibə 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçıları arasında təşkil olunmuş ilk ictimai debatı yada saldı. Vətəndaş təəssübkeşliyini kənara qoyub, bu dəfə də xüsusi məmnunluq hissi ilə deməliyəm ki, Prezident İlham Əliyevin cavabları həqiqətə və reallıqdan irəli gələn praqmatik siyasətə söykəndiyinə görə səmimiliyi və obyektivliyi ilə fərqlənirdi. Nikol Paşinyan isə Münhendə olduğu kimi, bu müsahibədə də ifrat populizmə söykənən, reallıqdan uzaq olan fikirləri ilə yadda qaldı. Sanki o, erməni cəmiyyətinin qatı revanşist hissəsini və ağır məğlubiyyətdəki şəxsi iştirak payını nisbətən yumşaltmaq üçün mövcud həqiqətləri populist fikirlərinin arxasında gizlətməyə çalışırdı.
Ermənistan Baş nazirinin bir-birini təkzib edən ziddiyyətli açıqlamaları üzərində geniş dayanmaq istəməsəm də, ikisi o qədər qabarıq idi ki, onlardan yan keçə bilmədim. Tarixən ermənilərin dediklərinə və etdiklərinə göz yumduğumuza, onlara güzəşt etdiyimizə görə, qarşı tərəfin sonradan nə qədər böyük yalanlara müəlliflik etdiyini dərhal sezməkdə çətinlik çəkməli olmuşuq. Ermənistanın indiki baş naziri, bir tərəfdən, bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, o biri tərəfdən isə “Dağlıq Qarabağ” ifadəsinə görə ölkəmizin haqlı etirazını qəbul etmədiyini bildirir. Ermənistan rəhbərliyi ya dərk etmir, ya da dərk etmək istəmir ki, əgər o, ərazi bütövlüyü ilə bağlı bəyanatında səmimi olsaydı, Azərbaycanın inzibati-ərazi bölgüsü siyasətinə də hörmətlə yanaşmalı idi. Çünki bu siyasətin özü də istənilən ölkənin süveren hüquqlarının tərkib hissəsidir. N.Paşinyanın müsahibəsində sağlam məntiqə sığmayan ikinci ziddiyyətli məqam isə bundan ibarətdir: o bir tərəfdən deyir ki, ölkəsinin Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur, digər tərəfdən isə, oğlunun və həyat yoldaşının müharibədə iştirak faktını fəxrlə qeyd edir. Belə çıxır ki, N.Paşinyan müharibədə uduzana qədər ölkəmizə qarşı ərazi iddiası mövqeyində olub, savaş meydanında “Dəmir Yumruq”u gördükdən sonra isə bu fikrindən daşınıb. Onun və siyasi komanda üzvlərinin mövqeyində, həqiqətən, ciddi transformasiya baş vermiş olsaydı, N.Paşinyan ailə üzvlərinin işğalçı müharibədə iştirak etməsi ilə bu qədər öyünməzdi. Paşinyanın mövqeyində köklü dəyişikliyin baş verdiyinə və ölkəmizə qarşı ərazi iddiasından birdəfəlik imtina etdiyinə inanmaq həm də ona görə çətindir ki, müharibədən az əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını içtimai şəkildə səsləndirən elə onun özü olub. Əgər Ermənistanın hökumət başçısı “yeni ərazilər uğrunda yeni müharibə” ilə bağlı hərbi doktrinasından guya bu cür tezliklə və belə asanlıqla imtina etməyə qadirdirsə, kim təminat verə bilər ki, o, indi dediyini sabah təkzib etməyəcək? Çünki bunun işartılarını göstərən rüsvayçı təcrübə də mövcuddur. N.Paşinyan Moskva-Brüssel-Vaşinqton formatında keçirilən hər görüşdən sonra, görüş məkanından asılı olaraq, öz mövqeyini dəfələrlə dəyişib və əvvəlki bəyanatlarından riyakarcasına imtina edib. Elə bu cür səbəblərə görə cəmiyyətimizdə haqlı sual yaranır: ona və onlara inanmaq olarmı? Ermənistanın baş naziri nüfuzlu media platformalarından biri hesab olunan “Euronews“-a müsahibəni erməni dilində verdi. Ona görə yox ki, o, ingilis dilində danışa bilmir. Münhen Təhlükəsizlik Konfransında N.Paşinyan “qol-qıçını” sındırsa da, uydurma erməni tarixinin mifik qəhrəmanlarını məhz ingilis dilində yada salmışdı. “Euronews”a müsahibəsində isə erməni dilinə üstünlük verdi. Çünki N.Paşinyan daxili auditoriyadan, erməni cəmiyyətindən çox narahatdır və o, öz mesajlarını daha çox onlara çatdırmaq, onların qulağını “oxşamaqla” üzləşdiyi ictimai qınağı nisbətən yumşaltmaq məqsədini güdürdü.
Prezident İlham Əliyev isə dünyada “çirkli” informasiya təbliğatının və feyk məlumatların geniş yayıldığı indiki dövrdə nüfuzlu televiziya kanalının imkanlarından maksimum istifadə etdi. Dövlətimizin başçısı dünya ictimaiyyətinə regionun reallığını olduğu kimi və böyük çoxluğa daha yaxın olan ingilis dilində çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanın öz öhdəliklərindən, o cümlədən Naxçıvan ilə kommunikasiya yaratmaq öhdəliyindən yayınmasına, Laçın yolundan humanitar niyyətdən uzaq olan məqsədlər üçün istifadə etməsinə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq normaları əsasında irəli sürdüyü sülh gündəliyinə sadiqdir. Prezident İlham Əliyev birinci Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikrini “Euronews“-a müsahibəsində də təsdiq edərək bildirdi ki, ayrı-ayrı vasitəçilər formatının bir-biri ilə rəqabət aparmasına baxmayaraq, Azərbaycan ədalətli nəticədə maraqlıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu mesajı iştirakçı siyasi mərkəzlərin diqqətindən yayınmayacaq: “Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir… Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq”.
Dövlətimizin başçısı həm Ermənistan ictimaiyyətinə, həm də Qarabağdakı erməni azlığına mühüm mesajlar verdi. Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanın ölkəmizə qarşı 30 il ərzində davam etdirdiyi işğalçılıq siyasətinə, törətdiyi çoxsaylı müharibə cinayətlərinə, tarixən azərbaycanlılara qarşı apardığı etnik təmizləmələrə və Qarabağda törətdiyi vandallıq aktlarına baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin bu mesajını dünya birliyi də eşitdi və ölkəmizin sülh gündəliyinə sadiq olduğunu bir daha gördü. Bununla yanaşı, Prezident İlham Əliyevin növbəti mesajı da Ermənistanı və ona havadarlıq edən dairələri ciddi düşündürməlidir: “Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır”.
Prezidentin Qarabağda məskunlaşan ermənilərə ünvanladığı mesajı da kifayət qədər birmənalı idi. Prezident İlham Əliyev gələcəkdə heç bir təhrifə yer qoymadan bəyan etdi ki, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunları əsasında ərazimizdə dinc yaşamaq yolunu seçməlidirlər, ya da Qarabağı tərk etməlidirlər. Üçüncü seçim imkanı yoxdur və olmayacaq. Dövlətimizin başçısı Ermənistan hökumətinin və ona havadarlıq edən dairələrin tez-tez sui-istifadə etdikləri “təhlükəsizlik və hüquq təminatı” ilə bağlı iddialarını da cavabsız qoymadı: “ Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar… Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”. Prezident İlham Əliyev bu mesajı ilə Qarabağda yaşayan erməni azlığına beynəlxalq auditoriyanın şahidliyi ilə bir daha çatdırdı ki, onların Azərbaycan vətəndaşı olan digər etnik azlıq mənsublarından heç bir üstünlüyü yoxdur və ola da bilməz. Dövlətimizin başçısı bununla Qarabağdakı mülki erməni əhalisindən faktiki girov kimi istifadə edən separatçı rejim nümayəndələrinə həm də bu mesajı verdi ki, ağılları münaqişənin başladığı ilk illərə getməsin. Ona görə ki, Azərbaycan artıq həmin Azərbaycan deyil. Əgər qondarma separatçı rejim və onun məktublarını daşıyan Ermənistan hökumətinin rəsmiləri hansısa havadarlarına bel bağlayıb nəyinsə dəyişəcəyinə ümid edirsə, bilməlidirlər ki, artıq Azərbaycan beynəlxalq arenada da təklənmiş durumda deyil.
Son günlər Ermənistan rəhbərliyi Laçındakı sərhəd-keçid məntəqəmizin aradan qaldırılması ilə bağlı geniş informasiya təbliğatı aparırlar. Guya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən nə Ermənistan hökuməti, nə də onun havadarları qəbul edib barışmaq istəmirlər ki, bu cür məntəqələri öz ərazisində, öz sərhədində qurmaq istənilən ölkənin suveren hüququdur. Bu hüququmuzun gerçəkləşməsinə guya Qarabağda “humanitar kriz yaşanır” yalanı ilə kölgə salmağa cəhd edənlər onu da bilməlidir ki, uydurma və süni təzyiq metodları artıq Azərbaycan üçün keçərli deyil. Əgər zamanında bu cür qurama oyunlar təşkil olunmasaydı, işğalçı Ermənistana vaxtında öz yeri göstərilsəydi və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi ona xoşluqla icra etdirilsəydi, münaqişə 30 il uzanmaz və kimlərinsə vasitəçiliyinə də ehtiyac qalmazdı. Uydurma “humanitar fəlakət” iddiasını körükləyən və Brüssel formatının əhəmiyyətini faktiki heçə endirən N.Paşinyan isə qəbul etməlidir ki, o, bu cür siyasi manipulyasiyalarla yalnız öz bəyanatlarının səmimiliyinə kölgə salır və Ermənistana etimadsızlıq mühitinin güclənməsinə xidmət edir. Təəssüf ki, ermənilərin özləri haqda uydurduqları “məzlum” və “əzabkeş” millət nağılına hələ də inananlar var. Prezident İlham Əliyev, elə bu səbəbdən, “Euronews” televiziyasına müsahibəsi zamanı dünya birliyinin diqqətinə çatdırdı ki, ikili standartlar, faktiki isə ayrı-seçkilik siyasəti təhlükəsiz dünya nizamını təhdid edən əsas təhlükə mənbəyidir: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan seperatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin bu fikirləri ölkəmizdə yayımlanan rəsmi mətnlərdə yer alsa da, “Euronews” televiziyasının efirə verdiyi variantında ixtisar olunub. Demək çətindir, bu, verlişin obyektiv vaxt məhdudiyyətinə bağlıdır, yoxsa məchul “senzor qayçısı” öz işini görüb. Müsahibənin məhz bu hissəsinin efirə verilməməsi təəssüf hissi ilə yanaşı, həm də ritorik suallar doğurur. Dünya təhlükəsizliyinə ciddi təhdidlər yaradan ikili standartlar siyasətinin, açıq-aşkar ayrı-seçkilik faktlarının mediada işıqlandırılmasına imkan vermək və onların ifşasına qoşulmaq həqiqətin təntənəsinə xidmət etməzdimi? İnanıram ki, “Euronews” kimi nüfuzlu telekanalların da qayəsi məhz budur və əslində, elə bu olmalıdır.
Ülvi Quliyev
Milli Məclisin deputatı