“Son günlər bəzi KİV orqanları və sosial media hesablarında əmlak alqı-satqısı zamanı 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən deklarasiyanın tələb olunmasına dair məlumatlar yayılır və bu məlumatlar geniş müzakirə olunur”.
Yenicag.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində dövlət qurumları öz fəaliyyət proqramlarında bu məsələni prioritet olaraq qəbul edir və mübarizə üsullarını ölkə qanunvericiliyinin imkan verdiyi formada həyata keçirməyə çalışır:
“Bunu illik, iki illik və s. fəaliyyət proqramlarına daxil edirlər. Apardığımız monitorinq və söhbətlərdən məlum olur ki, notariat kontorlarına mübarizə proqramı çərçivəsində diqqətli olmağı və müxtəlif anket məlumatları əsasında dövriyyədə olan pul vəsaitlərinin mənbəyinə dair məlumatların toplanmasında vətəndaşlarla birgə fəal iştirak etmək tövsiyə olunub. Bu zaman sadəcə anket məlumatı formasında pulun haradan əldə olunması soruşula bilər ki, bu rəsmi sənəd, deklarasiya formasında deyil. Bu baxımdan, notariat kontorlarında daşınmaz əmlaklarla bağlı əməliyyatların aparılmasında ləngimə, gecikmə halları nəzərə alınmır və narahatçılıq üçün əsas yoxdur”.