Ev almaq istəyənlərə BƏD XƏBƏR: “Məzillərin qiyməti qalxacaq”

“Yeni tikili binalarda qiymətlər 25 faizə qədər artacaq”.

Bu sözləri son zamanlar kreditli bina mənzillərinin satışında müşahidə olunan artımı dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, mövcud vəziyyətdə əmlak bazarında nəğd satışların sayı azalıb və daha çox kreditli satışlara maraq artıb. Bura ipoteka kreditləri, şirkətdaxili kreditlər və digər kredit formaları daxildir:

“İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillər layihəsi fonunda mindən çox vətəndaş mənzil sahibi olub. Bu, vətəndaşların daha çox kreditlə alışa üstünlük verdiyini göstərir. Lakin bir məqam var ki, daşınmaz əmlak qiymətləri ilə vətəndaşların aldıqları məvacibin məbləği heç də uyğunluq təşkil etmir. Bütün hallarda tələbatın çoxluğu yeni tikili binalarda qiymət artımlarını qaçılmaz edəcək. Düşünürəm ki, gələn il yeni tikilmiş binalarda qiymətlər 20-25 faizədək artacaq”.

Ekspert vurğulayıb ki, əsas problem çoxmənzilli binaların tikintisi üçün yararlı olan torpaq sahələrinin məhdudlaşmasıdır:

“Tikinti şirkətləri istismar müddəti bitmiş köhnə 4-5 mərtəbəli binaları sökərək onların yerində yeni binalar inşa edirlər. Bu da onların qazancına mənfi təsir göstərir. Çünki orada yaşamış bütün bina sakinlərinə yeni bina tikilənədək kirayə pulu ödənir. Bu proseslə yanaşı, tikinti materiallarının qiymətinin artması növbəti il istismara veriləcək mənzillərin qiymətinin artmasına səbəb olacaq”.

Gülşən Şərif