Bərdə rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Yenicag.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, dekabrın 5-də Bərdə rayonunun Lənbəran kənd sakini Fərhad Məmmədov RPŞ-yə ərizə verərək ona məxsus 1 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırmalarla onların Bərdə şəhər sakinləri, əvvəllər məhkum edilmiş Rəşad Xıdırov və Məhəmməd Məmmədov olduğu müəyyən edilib. Onlar oğurladıqları ev heyvanlarını M.Məmmədova məxsus “Toyota Camry” markalı avtomobilin yük yerində daşıdıqlarını etiraf ediblər. Götürülən maddi sübut sahibinə qaytarılıb.
Aparılan araşdırmaların davamı olaraq hər iki şəxsin digər cinayətlərdə də əli olduğu müəyyən edilib. Dindirilmə zamanı onlar dekabrın əvvəllərində 3 baş qoyunu və 4 ədəd ev quşunu oğurlayaraq dəyər-dəyməzinə satdıqlarını deyiblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.