Ev quşlarının kəsimi məntəqəsində nöqsanlar aşkarlandı

Bakı şəhəri, Sabunçu rayonu, İ.Rəhimov küçəsi 14 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi məntəqəsində yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, fiziki şəxs Kərimov Ramiz Raqub oğluna məxsus müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Bildirilir ki, qida təhlükəsizliyi sahəsində normativ tələblərə əməl edilmədiyi, kəsim üçün müəssisəyə daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, kəsimdən sonra quş ətinin keyfiyyətinə baytar həkim tərəfindən nəzarət olunmadığı müəyyən edilib.

Eyni zamanda müəssisədə satış məqsədi ilə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan 230 baş ev quşunun kəsildiyi aşkarlanıb. Tələblərə uyğun olmayan quş cəmdəklərinin satışa çıxarılmasının qarşısı alınıb, məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.