Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Evdən çıxın, geri qayıtmayın” - Üç dövlət qurumu Prezidentin mənzil hədiyyə etdiyi jurnalistlərə qarşı birləşib

“Evdən çıxdı var, qayıtdı yoxdu”.

Bu, “Jurnalistlərin binası” kimi tanınan ərazidə yaşayan sakinlərə aiddir, özü də AAYDA, Yol Polisi və BNA-nın sayəsində.

**

Sabahdan rəsmi iş günü başlayır. Məktəblər açılır. Uşaqlar dərsə, tələbələr universitetə və işləyənlər də işə getməlidir. Amma məsələ təkcə məktəbə, universitetə, işə getməklə bitmir, bunun geri qayıtmağı da var. “Jurnalistlər binası” ərazisində isə hərəkətin ancaq birinci tərəfi mümkündür. İkinci hərəkətə, yəni geri qayıtmağa AAYDA, Yol Polisi və BNA nədənsə ehtiyac duymur.

Bəlkə burada yaşayan sakinlər üçün şəhərin mərkəzindəki hotellərdə yer “bron” ediblər, sadəcə, kimsənin xəbəri yoxdur?

**
Dəfələrlə yazdıq ki, nəqliyyat, yol sistemi iflic vəziyyətdədir. İnciyənlər, qərəzli sayanlar, müzakirə açanlar oldu… Susduq, düzələcəyinə əmin olmaq istədik. Amma düzəlmədi… Ona görə ki, yol-nəqliyyat sisteminə cavabdeh olan qurumlar arasında rabitəsizlikdir. Bu qurumlar arasında əlaqələndirmə şkalanın sıfırını da keçib, yəni mənfiylə ölçülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), DİN Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi (BNA) bir-birilə əlaqəli işləyə bilmir. Ona görə də xaosdur. Kim nə istəyir, necə istəyir, elə də edir.

Noyabrın 25-də paytaxtın cənub girişi – Bibiheybətdən Bakıya gələn yol uçdu. 1 ay 6 gündən sonra – 31 dekabrda AAYDA bəh-bəhlə “Hərəkəti bərpa etdik”,- dedi və guya yolu açdı. Cəmi 2 gün sonra yol yenidən birtərəfli bağladı. Çünki bu, yol açmaq deyildi, gözdən pərdə asmaq idi. AAYDA-nın işi zatən budur. “Azəravtoyol” olandan, “Azəryolservis” olandan bəri. İndi də eyni prinsiplərlə işləyir.

**

Yol açıldığı üçün o ərazidə yaşayanlar, yəni jurnalistlər (həm də “Kristal Abşeron”un tikdiyi digər 3 binanın sakinləri) üçün BNA-nın müvəqqəti təşkil etdiyi 5 nömrəli marşrut da əvvəlki hərəkət trayektoriyasına qaytarıldı. Əvəzində 125 saylı marşrut bərpa olundu. Onun qiyməti, sərnişinlər üçün səmərəsiz olması, avtobusda yer olmadığından dayanacaqda saxlamaması, insanların zamanlarını dayanacaqda itirməsi bir başqa mövzu və problemdir. Hər halda çətinliklə də olsa 2 gün sakinlər bu marşrutdan pis-yaxşı istifadə etdilər. İndi yolu birtərəfli bağlayıblar(?). Evdən çıxıb 125 saylı marşrutla şəhərə getmək yuxarıda dediyimiz kimi pis-yaxşı mümkündür, şəhərdən evə qayıtmaq isə yox. Çünki marşrut yoxdur. Marşrut şəhərdən qayıdanda başqa trayektoriya ilə hərəkət edir. Beləliklə də, 5 binanın sakinləri marşrutsuz qalıb. Heç taksiylə də gəlmək mümkün deyil. Taksilərə də Su İdman Sarayının yanında yolu bağlayan Dövlət Yol Polis İdarəsinin müfəttişləri icazə vermir. İnsanların yol, marşrut istəyini eşitməli və əncam çəkməli qurumların isə eyninə də gəlmir.

AAYDA-nın, BNA-nın, Yol Polisinin öz arqumenti var. Hər kəs də öz arqumentində özünü haqlı sayır. Bircə haqsız olan sakinlərdirmi?

Yanvar ayında bu adamlar (başqalarının haqq və hüquqlarından yazanlar) payi-piyada palçıqlı, qaranlıq məhəllələrin arası ilə 1 km yol gedib avtobusa minməli və eyni vəziyyətdə də qayıtmalıdırlar. Xidmətçi olmalı olan məmurlar “ağa”ya çevrilib. İndi bunların ucbatından qocalar, uşaqlar payi-piyada qalıblar. Bu, maşını olmayanlara aiddir.

**

Başqaları elə bilir ki, maşını olanlar xoşbəxtdir. Amma maşını olanlar da “xoşbəxt” deyil. Yol Polis də Su İdman Saraynın yanında dayanıb sakinlərə yaşadıqları bina istiqmətində hərəkətə icazə vermir. Yəni, maşınla olanlar da yolsuz qalıb.

İndi bu adamlar nə etsinlər? Uçan taksi alsınlar?

Rəfail Becanov

 

www.yenicag.az

391
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100