Evə getmək istəyirik!

“Bakının dərdi var, Bakı xəstədir…” şairin illər əvvəl söylədiyi bu misralar bu gün də öz aktuallığını qoruyur. Bakı elə bir xəstəliyə düçar olub ki, onu bu xəstəlikdən heç kəs xilas edə bilməz, hətta onu bu xəstəliyə salanlar da. Bəli, Bakının çox böyük bir dərdi var. Bakının timsalında bakılılar və bakıda yaşayanlar da bu dərdə giryan olublar…

İnsan işdən çıxandan sonra neyləyər?- Əlbəttə ki, evinə gedər, oturub kreslosunda ayağını uzadıb Bərdədəki yol qəzasında neçə nəfərin öldüyündən, Qubada turistlərin necə istirahət etdiyindən, Göyçayda filankəsin qızının evli ola-ola başqasına qaçmasından və sairə, və sairə bu kimi vacib və təxirəsalınmaz xəbərlərdən agah olmaq üçün açar televizoru və baxar, elə televizorun qarşısında da yuxuya gedər. Deyəsən, bu çox Avropasayağı oldu ha! Eybi yox, yola verin getsin.

Gəlim sözümün canına. Bütün günü işləyəndən sonra işdən çıxıb özünü birtəhər evə çatdırmaq istəyən hər bir bakılının qarşısına eyni əngəl çıxır: Marşrut. Qardaş, günün istənilən vaxtı boş marşrut tapmaq elə bir müşkülə çevrilir ki, elə bil diri 200-lük axtarırsan. Bütün marşrutlar dolu olur, özü də elə-belə dolu yox ha, sözün əsl mənasında bir-birinə preslənmiş insan kütləsinin fonunda dolu!

Dünən də belə oldu. Eyni istiqamətdə hərəkət edən 65, 2, 79 nömrəli marşrutlardan neçəsini ötürdüm, bir Allah bilir, bir də… yox elə təkcə Allah bilir. Yanımdakı insanlarla bir-bir yanımızdan ötən marşrutlara ac uşağın dönərə baxdığı kimi baxdıq… Elə baxdıq ki… Çox gözəl baxdıq.

Nəhayət, özümü birtəhər 65-ə soxuşdura bildim (!). Bunu taleyin bir oyunu adlandırardım ki, mən qapının ağzında sıxışmış və qapıyla cismi-can olmuş vəziyyətdə ikən sürücü də radionun səsini vermişdi: Qapıda duran oğlana irəhmin gəlsin, nənə… Yox, gəlmədi nənənin irəhmi. Növbəti dayanacaqda məni qapıdan ayırdılar və… sonrasını deməyəcəm. Yəqin, özünüz təsəvvür edərsiniz.

Təkcə mənim nömrəsini qeyd etdiyim marşrutlar yox, demək olar ki, bütün marşrutlar eyni vəziyyətdədirlər və sərnişinlər hər gün-hər gün bu çətinliklə qarşılaşır, olan-qalan başlarını itirir, əsəbləri korlanır.

Üstəlik də İQ səviyyəsi Avstraliya qəbilələrinin insanlarını nəzərdə tutulub formalaşdırılan İntellektual idarəetmə də olmayan başını itirmişdi və işə, çox sağ olsunlar, polislərimiz müdaxilə etdilər.

Beləliklə, yorğun-arğın iş günündən sonra sağlamlığımızı düşünərək bizləri gündəlik olaraq belə macəraya və maratona sürükləyən hər kəsə təşəkkürümü bildirir, onları da aramızda görməkdən məmnunluq duyacağımızı dilə gətirirəm!

Marşrut gözləyərkən:
Bakının dərdi var, Bakı xəstədir,
Könül intizarda, göz yol üstədir…

Aqil Bəkir

COP29