Evində narkotik gizlədən Zaqatala sakini tutuldu

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Natiq Əzizov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada 150 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Natiq Əzizovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.