Evlənmək istəyən cütlüklər narkoloji testdən KEÇİRİLƏCƏK? – “Evlilik müalicə üsulu deyil”

Xatırladaq ki, Azərbaycanda 2015-ci ildə nikahdan öncə tibbi müayinədən keçmək qanuniləşib.

Tibbi müayinə ilə hemoqlobinopatiyalar, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilis kimi xəstəliklər aşkar oluna bilər. Bu müayinələrin nəticələrinə əsasən, cütlüklərin evlənmək qərarından imtina etməsi və ya etməməsi onların şəxsi seçimidir. Lakin bəzi xəstəliklər var ki, hər iki tərəf bu xəstəliklərdən əziyyət çəkirsə, sağlam uşağın dünyaya gəlməsi mümkün olmur. Bir çox ölkələrdə evlənmədən əvvəlki tibbi müayinənin məqsədi də məhz budur.

Amma narkotik vasitələrdən istifadə edən şəxslərin həyat tərzində və davranışlarında bu vərdişi sezmək bəzən çətin ola bilər. Belə halları müayinə yolu ilə aşkar etmək mümkündürmü? Bu müayinə narkomaniyanı müəyyən etməkdə nə dərəcədə effektivdir? Ümumiyyətlə, evlənməyə hazırlanan cütlüklərin narkoloji testdən keçirilməsi doğru bir təklif olarmı?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov, belə bir qərarın çox mühüm olduğunu bildirib.

Onun sözlərinə görə, narkomaniya ilə bağlı problem Azərbaycanda ciddi bir məsələ halına gəlib və narkoloji testlər gələcəkdə qarşılaşılacaq bir çox problemin qarşısını ala bilər.

Psixoloq əlavə edib ki, “Evlənmədən əvvəl cütlüklərin psixoloji uyğunluqlarının qiymətləndirilməsi çox vacibdir. Bu, sağlam ailənin əsas meyarıdır. Həmçinin, cütlüklərin gələcəkdə qarşılaşacaqları problemlərin qarşısını almaq mümkündür. Bundan əlavə, əgər cütlüklər narkoloji testdən keçəcəksə, onların psixiatrik və psixoloji yoxlanışdan da keçməsi daha yaxşı olar. Çünki biz buna kompleks yanaşmasaq, cütlüklər bioloji olaraq uşaqların dünyaya gəlməsinə dəstək vermiş olacaqlar.”

Rövşən Nəcəfov, bəzi şəxslərin, xüsusən mentalitetimizdə, evliliyi bir şəxs üçün “müalicə” və ya pis vərdişlərdən qurtulmaq üçün bir vasitə olaraq görməsinin yanlış bir düşüncə olduğunu vurğulayıb.

“Bu gün Azərbaycanda bəzən düşünülür ki, əgər şəxs ailə həyatı qursa, pis vərdişlərindən və ya hər hansı bir asılılıqdan əl çəkəcək. Amma bu düşüncə tamamilə yanlışdır. Evlilik müalicə üsulu deyil. Ona görə də ailə quracaq şəxslərin həm narkoloji, həm də psixiatriya və psixoloji konsultasiyalardan keçmələri vacibdir. Biz bəzən düşünürük ki, evlilik istər xanımı, istərsə də bəyi hər hansı bir yanlış davranışdan uzaqlaşdıracaq və şəxsdə məsuliyyət yaradacaq. Lakin evlilik heç vaxt problemi kiçiltmir, əksinə problemi böyüdür. Ona görə də sağlam gələcək formalaşdırmaq üçün ailə qurmamışdan əvvəl narkoloji, psixiatrik və psixoloji yoxlanışdan keçmək uğurlu və uyğun metoddur.”

Nəzrin Bünyatova