Evsizlik PROBLEMİ – Güzəştli mənzillərə artan TƏLƏBAT – Ancaq bu şəxslər ala bilər

“İyul ayında güzəştli mənzillərin satılması yenidən həyata keçiriləcək”.

Bu sözləri güzəştli mənzillərin satışı ilə bağlı vəziyyəti dəyərləndirən əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov Yenicag.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, güzəştli mənzilə sahib olmaq istəyənlərin çoxluğu getdikcə daha çox müşahidə olunur. Bu baxımdan mənzil sahibi olmaq istəyən şəxslərin müvafiq qaydalara əməl etməsi daha məqsədəuyğundur:

“Gələn ay sözügedən mənzillərin satış prosesinin başlayacağı gözlənilir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 13, 4 saylı binası üzrə 36, 5 saylı binası üzrə 87, 6 saylı binası üzrə 30, 7 saylı binası üzrə 77, 8 saylı binası üzrə 16, 9 saylı binası üzrə 16, 10 saylı binası üzrə 16 və 11 saylı binası üzrə 16 mənzilin, ümumilikdə 307 mənzilin satışı 1 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək. Qeyd edim ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

Satışa ümumilikdə 307 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Mənzillərin qiymətləri aşağıdakı kimidir:

1 otaqlı mənzillərin qiyməti – 32 215 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır”.

Gülşən Şərif