“…əvvəlcədən danışıb alverə gedib, namizədliyini geri götürür”

1369059488_serdar-celalogluArtıq parlament seçkilərində təbliğat-təşviqat prosesinin qızğın çağıdır. Namizədlər seçicilər arasına gedərək platformalarını açıqlayır. Lakin maraqlıdır ki, seçkinin bu mərhələsində xeyli sayda namizədliyini geri götürənlər də var. Bu yola qədər gəlib bir çoxları seçki gününü gözləmədən birdən-birə seçki marafonuna son qoyurlar. Görəsən, niyə bəziləri  namizədliyini geri götürərək prosesi yarımçıq tərk edir?

ADP sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, seçkinin hazırkı mərhələsində namizədliyini geri götürənlər bunu müxtəlif səbəblərdən edirlər: “Seçkinin təbliğat dövründə də namizədliyini geri götürənlərin olacağı gözlənilən idi. Bu addımı atanlar onu müxtəlif səbəblərdən atırlar. Bir çoxlarına seçkinin bu mərhələsində müxtəlif təzyiqlər göstərilir. Məhz həmin təzyiqlərə dözə bilməyənlər çıxış yolunu namizədliklərini geri götürməkdə görürlər. İkinci bir qrup namizəd seçkilərin heç bir perspektivinin olmadığını, formal xarakter daşıdığını başa düşərək bu addımı atır. Üçüncülər də var ki, namizədliyini seçkilərdə iştirak etmək imkanları olmadığından bu addıma gedir. Bir çoxları maliyyə vəsaitlərinin olmaması səbəbindən bunu edib. Bəziləri də var ki, əvvəlcədən danışıb alverə gedib, namizədliyini geri götürür.  Bir sözlə, Azərbaycanda əslində seçkilər qeyri-ciddi prosedur şəklini alıb. Heç bir tərəf seçkilərə ciddi bir hadisə kimi yanaşmır”.

ELÇİN