Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ-2107 markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində sərnişin, 1991-ci il təvəllüdlü Qocayev Musa Şahin oğlu deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.