“F1 yeni qurtarıb, ikinci məhdudiyyət insanlarda aqressiya yaradacaq” – İlham İsmayıl

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Bakıda bir neçə küçə və meydana girişin məhdudlaşdırılacağına dair məlumat yayılıb.

Həmin məlumatda qeyd olunub ki, hüquq-mühafizə orqanlarının qərarına görə, mayın 25-dən 31-dək “Tarqovı”, İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacaq.

Alınmış qərarla bağlı Yenicag.az-a keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl açıqlama verib.

İlham İsmayıl bildirib ki, bu qərar qeyri-peşəkarlığın göstəricisidir:

“Bir futbol matçına gələnlərin təhlükəsizliyinin qorunması üçün adı gedən küçələrdə və meydanda vətəndaşlara məhdudiyyət qoyulması qeyri-peşəkarlığın bir növüdür. Dünyanın ən böyük şəhərlərində nəinki bir oyun, bütövlükdə çempionat keçirilir. O şəhərlərdə küçələr bağlanılır, orada yerli adamlara məhdudiyyət qoyulur? Bu nə yanaşmadır? Təhlükəsizlik tədbirləri mühafizə xarakterli ola bilər. Polisin sayi artırıla bilər. Ancaq hər kəs bilir ki, təhlükəsizliyin əsası əvvəlcədən məlumat verməkdir. Bundan ötrü də əməliyyat məlumatı olmalıdır. Bu istiqamətdə işlənilməlidir. Əgər təhlükə varsa,Bu, 3-4 günlük küçəyə məhdudiyyət qoyulması ilə həll olunmur. O təhlükənin mənbəyini zərərsizləşdirmək lazımdır. Əgər mənbəyi bilmirsənsə də, o demək deyil ki, bütün insanlara qadağa qoymalısan, məhdudiyyət gətirməlisən”.

İlham İsmayıl qeyd edib ki, məhdudiyyətlər gətirilməsi vəziyyəti dramatikləşdirir:

“Çox maraqlıdır, kimin təhlükəsizliyini qoruyurlar? Gələn turist azərbaycanlını görməyib, orada ancaq özlərini görəcəksə, indidən təsəvvür etmək olar ki, gedib nə danışacaq. Təhlükəsizlik tədbirləri üçün tamam başqa yollar var. Bu cür məhdudiyyət ölkə vətəndaşlarında narazılıq yaradacaq. F1 yeni qurtarıb, ikinci məhdudiyyət insanlarda aqressiya yaradacaq”.

Səxavət Məmməd