“Facebook” servislərində qlobal nasazlıq

Martın 13-də “Facebook” servislərində qlobal nasazlıq yaranıb. Bu barədə populyar internet saytlarının fəaliyyətini izləyən “Downdetector” resursunun məlumatında deyilir.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin işində problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə saat 11:56-da qeydə alınıb, “Instagram” servisində isə saat 12:01-də başlayıb. İstifadəçilər sosial şəbəkə saytlarına daxil olmaq imkanından məhrum olmaqdan, məlumatlar lentinin yenilənməsi ilə bağlı problemlərdən, eləcə də fərdi məlumatlarda faylların göndərilməsi zamanı nasazlıqlardan şikayət ediblər.

“Downdetector” resursunun məlumatına görə, servislərin fəaliyyətində problemlər Yaponiya, Hindistan, Malayziya, ABŞ, Böyük Britaniya, Polşa və İsveçrədə qeydə alınıb.

Nasazlıqların səbəbi açıqlanmasa da, sosial şəbəkə nümayəndələri bunun “DDoS” hücumları ilə bağlı olmadığını bildiriblər.

Martın 14-də “Facebook” bütün servislərin fəaliyyətinin tam bərpa olunmasını bəyan edib.

Qeyd edək ki, bu, Facebook servislərində yaranan ilk nasazlıq deyil. Belə ki, 2018-ci ilin dekabrında şirkətin servislərindən istifadədə problemlər Böyük Britaniya, Fransa, Macarıstan, Polşa, Xorvatiya, Almaniya, Niderland, Çexiya və Rusiyada müşahidə edilib.

COP29