“Facebook”a saxta profilləri bloklamaq icazəsi verildi

45929Almaniyada “Facebook”la bağlı hüquqi problemlərin həllinə Hamburq Bilgiqoruma İdarəsi cavabdehdir.

Ötən ilin iyulunda bu idarə bildirmişdi ki, «nik»ləri – ayamaları gerçək adlarla əvəzləməyi və ya sosial şəbəkədə gerçək adlarını işlətməyi istifadəçilərdən tələb edə bilməz.

Bu quruma üz tutan bir qadın öz hüququnun pozulmasından şikayətlənib: ayamadan yararlandığı üçün “Facebook” onun hesabını bloklayaraq, şəxsiyyətini təsdiqlətməsini istəyib və daha sonra birtərəfli qaydada onun istifadəçi adını əsl adı ilə əvəzləyib.

İnformasiya mühafizəsi qurumunun fikrincə, istifadəçiləri real adlarından yararlanmağa vadar etmək onların məxfilik hüququnu pozmaq deməkdir.

Hamburq İnzibati Məhkəməsi isə bildirib ki, “Facebook” bu qərarı, hələlik, icra etməli deyil və həmin sosial şəbəkənin Avropadakı baş qərargahı İrlandiyada yerləşdiyindən, şəbəkə yalnız İrlandiya qanunlarına tabe olmalıdır. “Facebook” bu qərardan razı qalıb.

Sözügedən sosial şəbəkə uzun zamandır əsl adların işlədilməsini daha doğru davranış sayır, çünki bu halda insanlar məlumatı kiminlə paylaşdığını bilir. “Facebook” şirkətinin fikrincə, belə davranış internetdə təhqirlə üzləşmənin də önünü kəsir.
İnzibati məhkəmənin qərarı Hamburq İnformasiya mühafizəsi İdarəsinin qərarıyla ziddiyyət yaratsa da, “Facebook”un mövqeyi ilə üst-üstə düşür.

Facebook sözçüsü bildirib ki, məhkəmə qərarı sosial şəbəkənin göstərdiyi xidmətə İrlandiya Məlumatları Mühafizə Qanununun tətbiq edilə biləcəyini təsdiqləyir.

İrlandiya məxfilik qurumu bəlli araşdırmalardan sonra – 2011-ci ilin dekabrında bu nəticəyə gəlib ki, “Facebook”un əsl adlardan istifadə siyasəti İrlandiya qanununa zidd deyil. Qurum “Facebook”un öz mövqeyini əsaslandırdığı səbəblərlə də razılaşıb. Bu səbəblər arasında uşaqların təhlükəsizliyi və onlayn təhqir kimi məqamlar var.

Məxfilik Almaniyada həssas mövzudur. Bu, kommunist Şərqi Almaniyasında «Ştazi» (Dövlət Təhlükəsizliyi) gizli polisinin və nasist dövrü «Gestapo»sunun (Gizli Dövlət Polisi) fəaliyyəti ilə bağlıdır. Edvard Snouden 2013-cü ildə ABŞ hakimiyyətini ifşa edəndən sonra yaddaşlara hopan izlənmə məsələsi bir daha aktuallaşıb.