Faciələrə yol açan “SƏHLƏNKARLIQ QIĞILCIMI”: “Təhlükəsizlik qaydalarına əməl olunmaması…”

“Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət birbaşa rəhbərliyin üzərinə düşür”.

Bu fikirləri səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları haqda danışan ekspert Orxan Musayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, səhiyyə müəssisəsinin hər bir əməkdaşı yanğın təhlükəsizliyi qaydalarını bilməlidir:

“Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar mövcuddur və onlara mütləq əməl edilməlidir. Ümumiyyətlə, səhiyyə müəssisəsi istifadəyə verilməzdən əvvəl müvafiq yanğın nəzarəti orqanları tərəfindən müvafiq yoxlama aparılmalı və problem olmadıqda, istismara icazə verilməlidir. Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə çox həssaslıqla yanaşılmalıdır. Çünki digər obyektlərdən fərqli olaraq, səhiyyə müəssisələrində insanların təxliyə olunması ilə bağlı bir sıra çətinliklər yarana bilər.

Bu səbəbdən, səhiyyə müəssisəsinin hər bir əməkdaşı mütləq yanğın təhlükəsizliyi qaydalarını bilməlidir. Konkret desək, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət birbaşa rəhbərliyin üzərinə düşür. Yanğına ilkin müdaxilə etmək üçün obyektdəki yanğınsöndürmə vasitələri saz vəziyyətdə olmalıdır. Yanğından vaxtında xəbər tutmaq üçün xəbərdaredici cihazlar quraşdırılmalıdır.

İnsanların fövqəladə hallar zamanı səhiyyə müəssisələrindən təhlükəsiz formada təxliyə olunması üçün səhiyyə müəssisələrində öncədən köçürmə planları hazırlanmalıdır. Yanğın baş verdikdə, könüllu yanğınsöndürmə dəstəsindən iki qrup ayrılır – onlardan biri xəstələrin təhlükəsiz qaydada təxliyəsini təşkil edir, digəri isə yanğının söndürülməsinə cəlb olunur.

Bir çox hallarda müəssisələrdə yanğın elektrik naqillərində baş verən nasazlıq səbəbindən baş verir. Buna görə də səhiyyə müəssisələrində elektrik qurğularına xidmət etmək məqsədilə ixtisaslaşdırılmış istismar təşkilatı ilə mütləq müqavilə bağlanmalıdır. Bunlarla yanaşı, müəssisələrdəki yanğınsöndürmə balonları çox da yüksəkdən asılmamalıdır. Təəssüf ki, bəzi səhiyyə müəssisələrində bu qaydalara səhlənkar yanaşılır və belə məsuliyyətsizliyin nəticəsi də çox ağır olur”.

Nuray Məmmədzadə

COP29