Bu gün “Fairmont Baku” otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi. O, video çəkərək media nümayənələrini “işverən” adlandırmışdı.
Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.
Yenicag.az Criminal.az-a istinadən xəbər verir ki, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb. O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.
Hazırda onunla bağlı materiallar toplanılır. Barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Onun məhkəməyə çıxarılacağı da istisna edilmir.
Saxlanılan İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.
Qeyd edək ki, “Fairmont Baku” otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, “Həftəsonunu bizimlə birgə keçirin” deyə müraciət ünvanlayıb.
Xatırladaq ki, ötən il dekabrın 6-da Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş vermişdi. Qəza iştirakçılarından biri də Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobil idi. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəymişdi.