Fazil Məmmədovun hazıra nazir olması…

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ötən gün vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildi.

Yenicag.az xəbər verir ki, onu bu postda indiyədək təhsil naziri vəzifəsini icra edən Mikayıl Cabbarov əvəzləyib.

Fazil Məmmədovun gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Onun işini itirməsindən sonra Güləş və Velosiped Federasiyasında da maliyyə problemlərinin yaranacağı istisna deyil.

Çünki Azərbaycanda artıq belə bir təcrübə var. Xatırlayırsınızsa, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tutduğu vəzifədən azad ediləndən sonra onun prezidenti olduğu Cüdo Federasiyasında ciddi maliyyə problemləri yaranmışdı. İş o yerə qədər çatmışdı ki, cüdoçular çıxış yolunu etiraz aksiyası keçirtməkdə görmüşdü.

Vəzifədən azad edilən Fazil Məmmədovun da bundan sonra prezidenti olduğu federasiyalara pul ayıracağı inandırıcı görünmür. Sabiq nazir artıq vəzifədə olmadığına görə, federasiyalara pul ayırmağı da özünə əlavə xərc biləcək. Belə olan halda isə idmançıların aqibətinin yaxşı olmayacağını ehtimal etmək elə də çətin deyil.

Hər halda Məmmədovdan sonra nəzarətsiz qalan federasiyaların onu əvəzləyən nazir Mikayıl Cabbarova da tapşırılacağı inandırıcı deyil. Çünki o, artıq idman sahəsində iki federasiyaya rəhbərlik edir. Badminton Federasiyasının prezidenti olan Mikayıl Cabbarov, sentyabrın 20-də Qılıncoynatma Federasiyasının da prezidenti seçilib.

Bizdə olan məlumata görə, Fazil Məmmədovun işdən azad edilməsindən sonra federasiyalarda ciddi narahatlıq yaranıb. İndi əməkdaşlarla yanaşı, idmançıları da ancaq bu çətin sual düşündürür.

EMİN SƏFƏROV

COP29